“Bu gün “Bakı Təşəbbüs Qrupunun” təşkilatçılığı ilə Bakıda Amritsar qətliamı və Hindistan hökumətinin siqhlərə qarşı həyata keçirdiyi təzyiqləri , zorakılıqları müzakirə edəcəyik”. 1news.az xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakıda Amritsar hadisələrinə həsr olunmuş beynəlxalq konfrans zamanı səsləndirib. O qeyd edib ki, son 40 il ərzində bu təzyiq və zorakılıq formaları qlobal miqyasda yayılaraq transmilli repressiya xarakteri alıb. “Beynəlxalq Siqh Federasiyası ilə son beş ayda qurduğumuz əməkdaşlıq çərçivəsində Bakı Təşəbbüs Qrupu bu mövzuya həsr olunan iki beynəlxalq konfransı uğurla təşkil edib. Bununla yanaşı, tərəfdaşlıq əsasında hazırlanmış birgə hesabat da dərc olunub. Həmin sənəd BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 61-ci sessiyasında təqdim edilib. Əminəm ki, Beynəlxalq Siqh Federasiyası ilə əməkdaşlığımız etnik azlıqların və ümumilikdə insan hüquqlarının qorunmasına ciddi töhfə verəcək”, – deyə A.Abbasov bildirib.