AZ

Supermarket və apteklərdə yeni ödəmə qaydası

Bu dəyişiklik birbaşa müştəriləri narahat etməli olan məsələ deyil, amma...

İyunun 1-dən etibarən Azərbaycanda kartla ödənişlər zamanı tətbiq olunan interçeync (banklararası xidmət haqqı) üzrə yeni limitlər qüvvəyə minib. Yeni qaydalara əsasən, aptek və supermarketlərdə bu haqqın yuxarı həddi 1,25 faiz, yanacaqdoldurma məntəqələrində 0,75 faiz, digər ümumi kateqoriyalarda isə maksimum 1,5 faiz müəyyənləşdirilib. Bəzi fəaliyyət sahələri üzrə isə konkret yuxarı hədd tətbiq olunmayacaq. Qərarın əsas məqsədi banklararası hesablaşmaların tənzimlənməsi, nağdsız ödənişlərin inkişafının dəstəklənməsi və ödəniş sistemində daha balanslı mexanizmin formalaşdırılmasıdır.

Bəs bu limitlərin tətbiqi kartla ödənişləri daha da artıracaq, yoxsa bankların gəlirlərinə təsir edəcək?

Qeyd edək ki, son illərdə Azərbaycanda kartla ödənişlərin həcmi sürətlə artır. Həm dövlətin nağdsız iqtisadiyyat siyasəti, həm də vətəndaşların rahatlıq baxımından plastik kartlara üstünlük verməsi bu tendensiyanı gücləndirib. Lakin kartla aparılan hər əməliyyatın arxasında banklar və xidmət təminatçıları arasında müəyyən komissiya mexanizmi mövcuddur. Məhz interçeync haqqı da həmin sistemin əsas elementlərindən biridir.

Ekspertlərin fikrincə, interçeync haqlarının yuxarı həddinin müəyyənləşdirilməsi bəzi hallarda ticarət obyektlərinin xərclərini azaltmağa kömək edə bilər. Xüsusilə böyük dövriyyəyə malik supermarket şəbəkələri və apteklər kart ödənişləri üzrə daha proqnozlaşdırılan komissiya sistemi ilə işləyəcəklər.

Digər tərəfdən, bu qərar bankların kart əməliyyatlarından əldə etdiyi gəlirlərə müəyyən təsir göstərə bilər. Komissiya gəlirlərinin azalması bəzi maliyyə qurumlarını alternativ gəlir mənbələri axtarmağa sövq edə bilər. Bununla belə, mütəxəssislər hesab edirlər ki, əməliyyat sayının artması nəticəsində banklar itkilərinin bir hissəsini kompensasiya edə bilərlər. Yəni hər əməliyyatdan əldə olunan gəlir azalsa da, ümumi əməliyyat həcminin böyüməsi bankların gəlirlərini tarazlaşdıra bilər.

Məsələnin istehlakçılar üçün maraqlı tərəfi isə odur ki, yeni qaydalar qiymətlərə necə təsir göstərəcək. Nəzəri baxımdan, ticarət obyektlərinin ödədiyi komissiya xərcləri azaldıqca, bu, məhsul qiymətlərinin sabit qalmasına və ya əlavə artımların qarşısının alınmasına kömək edə bilər. Lakin bazar iştirakçılarının bu üstünlüyü alıcılara hansı səviyyədə ötürəcəyi hələlik açıq sual olaraq qalır.

Pensiyalarla

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “Yeni Müsavat”a danışıb. İqtisadçı qeyd edib ki, banklararası ödənişlərdə interçeync haqlarına maksimal limitlərin qoyulması və sahələr üzrə fərqli faizlərin müəyyənləşdirilməsinin vətəndaşla birbaşa əlaqəsi yoxdur: “Yəni vətəndaşlar əvvəlki qaydada öz kartları ilə ödəniş edərək alış-verişlərini həyata keçirə bilərlər. Burada söhbət banklararası və ödəniş sistemləri arasındakı hesablaşmalardan gedir. Məsələ ondan ibarətdir ki, bir bankın kartı ilə digər bankın POS-terminalında ödəniş həyata keçiriləndə banklararası hesablaşma baş verir. Vəsaiti qəbul edən bank həmin vəsaitin köçürülməsində iştirak edən banka müəyyən ödəniş edir. Eyni zamanda bu ödənişlərin bir hissəsi də Visa, MasterCard, American Express kimi beynəlxalq ödəniş sistemlərinə yönəlir. Məhz bu sahəni Mərkəzi Bank tənzimləyir.

Mərkəzi Bank burada yuxarı hədd müəyyən etməklə POS-terminal şəbəkəsinin daha da genişləndirilməsinə şərait yaratmağa çalışır. Çünki indiyədək hər hansı limitin olmaması bəzi hallarda bankların sonradan ticarət obyektlərinə və vəsaiti qəbul edən qurumlara ödənişlərin həyata keçirilməsinə görə daha yüksək komissiyalar tətbiq etməsinə imkan verirdi. Yəni banklar öz aralarında hesablaşma aparsalar da, son nəticədə həmin vəsait vəsaiti qəbul edən qurumun hesabından çıxılırdı. Buna görə də zaman-zaman müxtəlif ticarət, iaşə obyektlərinin və şirkətlərin nağdsız ödənişlərdən yayınmağa çalışdıqlarının şahidi olurduq.

Hazırda da belə hallar müəyyən qədər mövcuddur. Lakin Mərkəzi Bank konkret limitlər müəyyən etməklə həddindən artıq yüksək faizlərin və ödənişlər üzrə komissiyaların tətbiqinin qarşısını almağa çalışır".

İqtisadçı vurğulayıb ki, sahibkarlar çox vaxt kartla ödənişi qəbul etmək istəmirdilər, çünki bu halda onlar daha çox komissiya ödəmək məcburiyyətində qalırdılar. İndi isə limitlərin müəyyənləşdirilməsi bazarda daha çox şəffaflıq yaradır, bəzi bankların daha yüksək komissiyalar tətbiq etməsinin qarşısını alır və banklararası hesablaşmalar üzrə konkret qaydalar formalaşdırır: “Burada əsas məqsəd sahibkarların kart ödənişlərindən yayınmaq marağını azaltmaq və nağdsız ödənişlərin həcmini artırmaqdır. Eyni zamanda sahibkarlar bəzən bu əlavə xərcləri məhsulların qiyməti üzərinə əlavə edirdilər. Bu baxımdan yeni qaydalar bazarda daha aydın və şəffaf oyun qaydalarının formalaşdırılmasına xidmət edir.

Əslində bu dəyişiklik birbaşa müştəriləri narahat etməli olan məsələ deyil. Bu, daha çox banklararası hesablaşmalarda şəffaflığın artırılması, limitlərin müəyyənləşdirilməsi və kart ödənişləri ilə nağdsız hesablaşmaların, eləcə də POS-terminallardan istifadənin genişləndirilməsinə yönəlmiş addımdır".

“Qərarın gələcəkdə müştərilərə dolayı təsiri ola bilərmi” sualına Xalid Kərimli bu cür cavab verib: “Müəyyən dövrdən sonra bəzi bankların müştərilərə təqdim etdiyi keşbek proqramlarına, bonus kampaniyalarına və digər loyallıq proqramlarına maraq azala bilər. Təcrübədə görürük ki, bəzi hallarda banklar keşbek faizlərini aşağı salırlar. Keşbeklərin maliyyələşdirilməsinin bir hissəsi də məhz bu cür komissiya gəlirlərindən formalaşır.

Komissiyalar üzrə yuxarı həddin müəyyənləşdirilməsi gələcəkdə müştərilərə yönəlmiş loyallıq proqramlarının, bonusların və keşbek kampaniyalarının səviyyəsinin müəyyən qədər azalmasına təsir göstərə bilər. Yəni bu kontekstdə müştərilər dolayı təsirlərlə qarşılaşa bilərlər.

Bununla belə, ümumilikdə kart əməliyyatları üzrə xərclərin azalması və sabit yuxarı limitlərin müəyyənləşdirilməsi nağdsız hesablaşmaların genişlənməsinə gətirib çıxaracaq. Eyni zamanda sahibkarların kartla ödənişdən imtina etməsi halları da əvvəlki qədər geniş yayılmayacaq. Çünki sahibkarlardan tutulan vəsaitlərin azalması nəticəsində bazarda daha ədalətli rəqabət mühiti formalaşacaq və nağdsız ödənişlərin qəbuluna maraq artacaq".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Seçilən
25
1
musavat.com

2Mənbələr