ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Deputat Qüdrət Həsənquliyev Azərbaycanda yeni Konstitusiyanın yaranmasına ehtiyac olduğunu bildirib. O təklif edir ki, parlamentli respublika modelinə keçmək daha yaxşı olar.
Deputatın təklifini dəyərləndirən Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Redaktor.az-a bildirdi ki, cəmiyyət inkişaf etdikcə və beynəlxalq münasibətlərdə köklü dəyişikliklər baş verdikcə, qanunların da təkmilləşdirilməsinə ehtiyac yaranır.
Siyasətçi qeyd etdi ki, Azərbaycan da artıq 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra yeni mərhələyə qədəm qoyub:
"Biz ərazi bütövlüyümüzü bərpa etmişik, dövlətimizin suverenliyi təmin olunub. Bundan başqa müasir beynəlxalq münasibətlərdə ciddi dəyişikliklər baş verməkdədir. Beynəlxalq hüquqa münasibət deformasiyaya uğrayıb. Eyni zamanda müasir informasiya texnologiyalarının inkişafı nəticəsində cəmiyyətdaxili münasibətlərdə də çoxsaylı transformasiyalar baş verib. Bütün bunlar ölkənin idarə olunmasında da dəyişikliklər zərurətini yaradır. Əgər Konstitusiya və qanunlar yeni dövrə uyğun idarəetmə prosesində lənglik yaradırsa, onun dəyişdirilməsi vacibdir. Azərbaycan Respublikası da müasir inkişaf dinamikasına adekvat olaraq Konstitusiyada dəyişiklik edə bilər. Yenilənən qanunlar ictimai tələbata cavab verə bilməyəndə mütləq Konstitusiyanın dəyişdirilməsi müzakirəyə çıxarılır. Belə bir təklif olarsa, Ədalət Partiyası da Konstitusiya əlavə dəyişikliklərlə bağlı öz təkliflərini irəli sürəcək".
NURİYYƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.