Ermənistanda bazar günü keçiriləcək parlament seçkiləri öncəsi siyasi və iqtisadi güc mərkəzlərinin yenidən toqquşduğu bir dövrdə diqqət çəkən yeni bir qalmaqal yaranıb. Qalmaqal ondan ibarətdir ki, Ermənistanın Korrupsiyanın Qarşısının Alınması Komissiyası “Güclü Ermənistan” alyansının lideri və baş nazirliyə namizəd, iş adamı Samvel Karapetyana qarşı iş açıb.
Komissiyanın məlumatına görə, Karapetyan əmlak və gəlirləri ilə bağlı bəyannaməni təqdim etməyib.
Qeyd edək ki, seçkilərlə bağlı keçirilən bütün rəy sorğularında Karapetyan hazırkı baş nazir Nikol Paşinyandan sonra ikinci yerdədir. Və bu səbəbdən o, sabiq prezident, baş nazirliyə daha bir iddiaçı Robert Köçəryandan daha çox hökumət başçısı olmaq şansı yaranıb. Təbii ki, Paşinyan məğlub olarsa...
Karapetyan kimi yüksək siyasi iddia ilə çıxış edən bir fiqur niyə məhz indi maliyyə şəffaflığı ilə bağlı ittihamlarla üz-üzə qalır? Bu addım seçki öncəsi təsadüfi hüquqi prosedurdur, yoxsa arxasında daha dərin siyasi mesajlar dayanır? Karapetyan, seçkilərə günlər qalanda prosesdən uzaqlaşdırıla bilərmi?
Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a açıqlamasında Paşinyanın əsas rəqibinin əsl kimliyini bu yolla xalqa nümayiş etdirdiyini qeyd edib:

“Seçkiyə artıq 5 gün qalır. Bütün diqqətlər Ermənistandadır. Daxildə rəqabətin pik səviyyəyə çatdığı qədər, xarici siyasətdə də gərginliyin şahidiyik. Rəy sorğuları göstərir ki, indiki Baş nazir Nikol Paşinyan birinci yerdədir. Deməli, Ermənistan cəmiyyəti və erməni xalqı revanşist ideyaların arxasınca deyil, yeni dövr arxasınca gedir. Yeni dövr Cənubi Qafqazda iqtisadi layihələrin icra olunması, dayanıqlı sülhün gətirilməsindən ibarətdir. Təəssüflər olsun ki, əks düşərgənin nümayəndələri revanşist fikirlərlə yaşayır. Bu fikirləri xalqa, cəmiyyətə ötürməyə çalışır. Xarici dəstək də var. Təbii ki, Nikol Paşinyan rəqiblərini hər vasitə ilə vurmağa çalışır. Karapetyan olduqca yüksək siyasi iddia irəli qoysa da, maddi baxımdan görünür ki, şəffaf keçmişə malik deyil. Bu da onun qeyri-qanuni iqtisadi fəaliyyəti ilə əlaqədardır. Nikol Paşinyan bütün bu kirli keçmişi ortaya qoyaraq, əslində, Karapetyanın gerçək üzünü xalqa göstərməyə çalışır, nüfuzuna zərbə vurmaq istəyir.
Təbii ki, burada dərin siyasi mesaj aydındır. Düzgün olmayan fikirlərdən də, şəxslərdən də uzaq durulmalıdır. Yəni, xalq düzgün seçim etməlidir. Strateji gələcək istiqamətində addımlar atılmalıdır. Seçkilərə sayılı günlər qalmış hər şey ola bilər, hətta saat etibarilə biz burada fundamental dəyişikliklərin də şahidi ola bilərik. Amma görünən ondan ibarətdir ki, Nikol Paşinyan son dərəcə təmkinli addımlar atır, impulsiv qərarlardan uzaqdır. Bu da nəticə etibarilə elektoratı təmkinli şəkildə ələ almağa gətirib çıxardacaq”.
Cavanşir ABBASLI
Musavat.com