Bakı, 2 iyun, AZƏRTAC
Bu gün artıq aydın görünür ki, təbii qaz enerji sistemindən sıxışdırılıb çıxarılmır, əksinə, etibarlı və vacib enerji mənbəyi kimi mövqeyini möhkəmləndirir.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Enerji Forumunda keçirilən “Qaz sessiyası - bazarlar, nəqliyyat marşrutları və geosiyasət” adlı sessiyasında çıxışı zamanı bp-nin Xəzər bölgəsində biznesin inkişafı üzrə vitse-prezidenti Çingiz Hacıyev deyib.
“Dayanıqlı enerji strategiyasını müəyyən edən 3 əsas amil var. Bu strategiya fundamental prinsiplərə əsaslanır və əmtəə bazarlarında baş verən dövri dəyişikliklərdən asılı olmadan öz aktuallığını qoruyur. Birinci amil tələbatdır. Müasir dünyada enerji tələbatı fasiləsiz şəkildə artır. Sənayeləşmə, elektrikləşmə, əhali artımı və iqtisadi inkişaf kimi amillər bu tendensiyanı gücləndirir. Buna görə də tələbat enerji strategiyasının əsas dayaqlarından biridir.
İkinci amil infrastrukturdur və mən xüsusilə bu məqam üzərində dayanmaq istərdim. Təchizat zəncirlərində fasilələrin və geosiyasi risklərin artdığı indiki dövrdə enerji infrastrukturunun əhəmiyyəti daha da yüksəlir. Bu gün mövcud boru kəmərlərinin strateji dəyəri 5 və ya 10 il əvvəlki dövrlə müqayisədə qat-qat böyükdür. Hazırda hər kəs təbii qazdan danışır və bu təsadüfi deyil. Təbii qaz sadəcə bir yanacaq növü deyil. O, iqtisadiyyatları, sənaye sahələrini və ölkələri bir-birinə bağlayan strateji körpüdür. Enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir və iqtisadi artımı dəstəkləyir. Lakin bu əlaqələr yalnız güclü və etibarlı infrastruktur mövcud olduqda real məna kəsb edir. İnfrastruktur enerji əlaqələrini gerçəyə çevirən əsas vasitədir və mənim fikrimcə, uzunmüddətli və dayanıqlı strategiyanın ikinci əsas sütunudur.
Üçüncü amil isə tərəfdaşlıqdır. Uzunmüddətli qaz layihələri yalnız müqavilələr üzərində qurulmur. Onlar siyasi dövrlərdən daha uzunömürlü olan etibarlı münasibətlər tələb edir. Avropada uğurlu enerji layihələrinin əsasında hər bir tərəfin sistemin uğurlu işləməsində real marağının olduğu güclü tərəfdaşlıqlar dayanır. Əgər bu üç amili bir daha ümumiləşdirsək, görərik ki, tələbat struktur xarakter daşıyır, Cənub Qaz Dəhlizinin infrastrukturu artıq fəaliyyət göstərir və genişləndirilə bilər, tərəfdaşlıqlar isə SOCAR, Azərbaycan hökuməti, mənim şirkətim və bütün tranzit zənciri boyunca iştirak edən tərəfdaşlar arasında 30 ildən artıq müddətdə sınaqdan çıxıb və öz etibarlığını sübut edib”, - deyə o vurğulayıb.