AZ

Hikmət Babaoğlu: Azərbaycan Avropanın əsas enerji tərəfdaşına çevrilib

Azərbaycanın enerji məsələsində, enerji təminatı məsələsində gəldiyi bugünkü mövqe illər öncə Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən siyasətin nəticəsidir.

Demokrat.az xəbər verir ki, bunu deputat Hikmət Babaoğlu Bakı Enerji Həftəsi barədə danışarkən deyib.

O deyib ki, Bakı Enerji Forumunda Azərbaycan Prezidenti ölkəmizin həyata keçirdiyi qlobal layihələr nəticəsində bu gün Azərbaycanın Avropanın alternativ enerji mənbələrindən birinə çevrildiyini qeyd etdi və Azərbaycanın bu gün karbohidrogen ehtiyatları ilə 16 ölkə ilə əməkdaşlıq etdiyini bildirdi:

"Əslində Azərbaycanın enerji məsələsində, enerji təminatı məsələsində gəldiyi bugünkü mövqe illər öncə Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən siyasətin nəticəsidir. Çıxışlarının birində Azərbaycan Prezidenti qeyd etmişdi ki, biz geostrateji çatışmazlığımızı həyata keçirdiyimiz qlobal layihələrlə kompensasiya etdik. Azərbaycanın geostrateji çatışmazlığı Avropaya birbaşa əlaqəsinin olmaması və açıq dənizlərə çıxışının olmaması ilə bağlı idi, amma Azərbaycan neft və qaz layihələri ilə dörd dənizi birləşdirməyi bacardı. TANAP və TAP layihələri mənbə hövzə kimi Xəzərdən başlayıb Gürcüstan üzərindən Qara dənizə, oradan Aralıq dənizinə, oradan da Adriatik dənizinə qədər uzanmağı bacardı və beləliklə neft və qaz kəmərlərimiz bu gün “dörd dəniz” konsepsiyasını formalaşdırdı".

Deputat deyib ki, belə olan halda, hazırda baş verən turbulent strateji və hərbi proseslərə diqqət etsək, Azərbaycanın həyata keçirdiyi bu layihələrin bir çox Avropa ölkələri və qonşu ölkələrimiz üçün həyati əhəmiyyət daşıdığının şahidi olacağıq:

"Azərbaycan əslində bugünkü mövqeyini əldə etmək üçün illər öncə uzaqgörən layihələr həyata keçirib və bu gün bunun bəhrəsini görür. Ona görə mən düşünürəm ki, şübhəsiz ki, hazırda davam edən şərtlər də məhz bu kontekstdə Azərbaycanı həm beynəlxalq münasibətlər sisteminin daha nüfuzlu aktoruna çevirir, həm də beynəlxalq münasibətlər sistemində Azərbaycanın oynadığı rolu artırır",- deyə o bildirib.

Qeyd edək ki, iyunun 1-də Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.

Əfsanə Kamal
Demokrat.az
Seçilən
27
demokrat.az

1Mənbələr