“Abşeron” Azərbaycan üçün strateji əhəmiyyətə malik iri qaz-kondensat layihəsidir.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Upstream – yeni perspektivlər” adlı sessiyada çıxışı zamanı SOCAR-ın vitse-prezidenti Babək Hüseynov deyib.
Onun sözlərinə görə, bp və digər tərəfdaşlarla birlikdə həyata keçirilən yeni layihələr gələcək perspektivlərə nikbin baxmağa əsas verir.
“Yeni inkişaf layihələrindən danışarkən “Abşeron” layihəsini xüsusi qeyd etməmək mümkün deyil. Bu layihə çərçivəsində əsas məqsədlər ilk qazın hasilatını sürətləndirmək, yatağın son bərpa əmsalını artırmaq, işlənmə konsepsiyalarını sadələşdirmək və ən əsası kapital intizamını qorumaqdır. SOCAR və operator tərəfdaşlarımızla birlikdə çalışırıq ki, bu layihələr təkcə şirkətlər üçün deyil, bütövlükdə Azərbaycan iqtisadiyyatı üçün səmərəli olsun. Bunun üçün layihələr daha sadə, daha sürətli və daha rasional maliyyə modeli əsasında həyata keçirilməlidir. İnkişaf layihələri sırasında “Qarabağ” yatağını da qeyd etmək vacibdir. “Qarabağ” layihəsi tamamilə fərqli yanaşmanı nümayiş etdirir. Burada yeni platformaların qurulmasından daha çox, mövcud infrastrukturun imkanlarından istifadə etməklə sualtı birləşmələr və çevik inkişaf konsepsiyaları tətbiq olunur. Əslində bu yanaşma yeni deyil, lakin mövcud infrastruktura inteqrasiya olunmuş inkişaf modeli kimi xüsusi əhəmiyyət daşıyır. Bu model layihələrin icra müddətini qısaldır və hasilatın daha sürətli başlanmasına imkan yaradır. Bütün bunlarla yanaşı, texnologiyanın rolu getdikcə artır. Bu gün sənaye çoxşaxəli quyular, süni intellekt əsaslı seysmik təsvir texnologiyaları və rəqəmsal yataq idarəetmə sistemləri ilə tamamilə yeni mərhələyə qədəm qoyur”, - deyə Babək Hüseynov qeyd edib.