AZ

“Abşeron” yatağından hasil olunacaq qaz Türkiyə və Azərbaycan bazarına yönəldiləcək

“Abşeron”
“Abşeron” qaz-kondensat yatağından hasil olunacaq təbii qazın bir hissəsi Türkiyəyə ixrac ediləcək, qalanı isə Azərbaycanın daxili bazarına yönəldiləcək. 1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu “TotalEnergies” şirkətinin Azərbaycan üzrə rəhbəri Emmanuel de Guillebon Bakı Enerji Forumu çərçivəsində keçirilən “Upstream – yeni perspektivlər” adlı sessiyada çıxışı zamanı deyib.
Emmanuel de Guillebon bildirib ki, “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsinin növbəti mərhələsi üzrə texnologiyanın sənaye miqyasında tətbiqi həm Azərbaycan, həm də dünya üzrə bu tip layihələr üçün ilk nümunələrdən biridir. “Yataqdan istehsal olunacaq təbii qazın bir hissəsi Türkiyəyə ixrac ediləcək. Bunun üçün ayrıca ixrac infrastrukturu yaradılır. Dünən Türkiyənin dövlət qaz şirkəti BOTAŞ ilə qaz alqı-satqısı müqaviləsinin imzalanması bu istiqamətdə mühüm addım oldu. Qazın digər hissəsi Azərbaycanın daxili bazarına yönəldiləcək. Kondensat isə sonrakı emal və stabilləşdirmə üçün Səngəçal terminalına göndəriləcək və daha sonra ixrac olunacaq. Layihənin ilkin mərhələsində 3 quyu vasitəsilə gündəlik təxminən 120 min barel neft ekvivalenti həcmində əlavə hasilat əldə ediləcək. Bu göstərici hazırda fəaliyyət göstərən erkən hasilat mərhələsinin gündəlik 40 min barel neft ekvivalenti həcmində hasilatına əlavə olunacaq. Tam inkişaf mərhələsində layihənin gündəlik qaz hasilatının təxminən 450 milyon kubfut, kondensat hasilatının isə 40 min barel səviyyəsində olması nəzərdə tutulur.

Sonrakı mərhələdə əsas məqsəd hasilatı optimallaşdırmaq, boru kəməri və emal obyektlərinin maksimum yüklənməsini mümkün qədər uzun müddət təmin etməkdir. Hazırkı 3 quyu ilə hasilat platosunun müddəti məhdud olacaq. Buna görə də SOCAR və XRG ilə birlikdə əlavə quyuların qazılması imkanlarını araşdırırıq. “Abşeron” böyükhəcmli yataqdır. Müəyyən geoloji risklər mövcud olsa da, son 3 il ərzində əldə etdiyimiz məlumatlar, seysmik tədqiqatlar və yataq modelləşdirməsi gələcək inkişaf potensialına dair nikbin olmağa əsas verir. Ümid edirik ki, gələcəkdə əlavə quyuların qazılması hesabına həm boru kəmərinin, həm də emal qurğularının tam güclə işləməsini təmin edə biləcəyik. Bununla belə, bu imkanlar hələ əlavə texniki və iqtisadi qiymətləndirmə mərhələsindədir”, - deyə o əlavə edib

Seçilən
11
4
1news.az

5Mənbələr