AZ

Hamiləlik zamanı cəzanın təxirə salınması ilə bağlı yeni qayda

Milli.az saytına istinadən ain.az xəbər verir.

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsindən Milli.Az-a verilən məlumata görə, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsi baxımından Cinayət Məcəlləsinin 79-cu maddəsinin həmin Məcəllənin 41.2-ci maddəsi və Cəzaların İcrası Məcəlləsinin 173-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Bildirilib ki, Plenum iş üzrə hakim F.Tutayukun məruzəsini, maraqlı subyektlər olan Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, həmçinin Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis rəylərini, ekspert qismində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti M.Bayramovanın rəyini və iş materiallarını araşdıraraq qərar qəbul edib.

Qərara əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinin, eləcə də Cinayət Məcəlləsinin 5.1, 8.1 və 41.2-ci, Cəzaların İcrası Məcəlləsinin isə 173.4-cü maddələrinin tələbləri baxımından cəzanın çəkilməsinin təxirə salındığı dövrdə hamiləliyin pozulması faktı məhkəmə tərəfindən cəzaçəkmənin təxirə salınmasının ləğvi üçün əsas hesab olunur.

Konstitusiya Məhkəməsi vurğulayıb ki, bu hal məhkumun cəzanın çəkilməmiş hissəsindən azad edilməsinə və ya həmin hissənin daha yüngül cəza növü ilə əvəz olunmasına əsas vermir.

Həmçinin qərarda qeyd olunub ki, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 12.3-cü maddəsinə və qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Cinayət Məcəlləsinin 79.3-cü və Cəzaların İcrası Məcəlləsinin 173.4-cü maddələrinin təkmilləşdirilməsi Milli Məclisə tövsiyə edilib.

Qərar dərc edildiyi gündən qüvvəyə minir və qətidir. Qərar heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi şəkildə təfsir oluna bilməz.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
7
news.milli.az

10Mənbələr