2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qeydiyyat prosesi bu gün saat 23:59-da başa çatacaq.
“Cebheinfo.az” xəbər verir ki, abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yalnız 1 istiqaməti üzrə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər.
Qabiliyyət imtahanlarının iyun – avqust aylarında keçirilməsi nəzərdə tutulur. DİM-in internet səhifəsində abituriyentlərə (subbakalavrlara) “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək. “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcəkdir.
Qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlərin Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ilk cəhdinin nəticəsi “qeyri-məqbul” olsa belə, qeydiyyatdan keçə bilərlər.
Lakin bu abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 21 iyun tarixində keçiriləcək Azərbaycan dili (dövlət dili) üzrə imtahanının ikinci cəhdində “məqbul” aldıqları təqdirdə müsabiqəyə buraxılacaqlar.
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olunub.
Vəsaitləri DİM-in inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M Vəsaitlərin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.
Xüsusi qabiliyyət imtahanı ilə bağlı daha geniş məlumatla elanın tam mətnində tanış olmaq mümkündür.