AZ

"Reuters": Trampın kompensasiya fondu Konqresdəki etirazlardan sonra dayandırılıb

BAKI, 2 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın hökumətin siyasi məqsədlərlə istifadə edilməsinin qurbanı olduğunu iddia edən şəxslərə kompensasiya ödənilməsi üçün nəzərdə tutulan 1,8 milyard dollarlıq fondu dayandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ağ Ev planı Respublikaçılar Partiyasından olan konqresmenlərin sərt etirazları ilə üzləşdikdən sonra geri çəkməyə məcbur olub. Senatorlar hesab ediblər ki, fond vasitəsilə 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumda iştirak etmiş şəxslər də dövlət vəsaiti hesabına kompensasiya ala bilərlər.

"Reuters"in yazdığına görə, fond Tramp və ABŞ Ədliyyə Nazirliyi arasında Vergi Xidmətinə (IRS) qarşı qaldırılmış 10 milyard dollarlıq iddianın nizamlanması çərçivəsində yaradılmalı idi. Ayrılması nəzərdə tutulan 1,776 milyard dollar hökumət təqiblərinə məruz qaldığını iddia edən şəxslərə ödənilməli idi.

Mənbələr bildiriblər ki, Senatdakı Respublikaçıların lideri Con Tun Ağ Evə fondun ləğv edilməsinin vacibliyini çatdırıb. Bundan sonra administrasiya planı dayandırmaq qərarına gəlib.

Bundan əvvəl Virciniya və Florida ştatlarında federal hakimlər fondun fəaliyyətinin müvəqqəti dayandırılması barədə qərar qəbul etmişdilər. ABŞ Ədliyyə Nazirliyi bu qərarla razılaşmadığını bəyan etsə də, məhkəmə qərarına əməl edəcəyini açıqlayıb.

Məlumata görə, Demokratlar və bəzi Respublikaçılar fondun gələcəkdə başqa formada yenidən yaradılmayacağına dair təminat tələb edirlər.

Seçilən
103
teleqraf.com

1Mənbələr