Gündəlik istifadə edilən süd, yumurta və ya yerfındığı bəzilərimiz üçün sadəcə qida, digərləri üçün isə təhlükə siqnalıdır. Bu hal qida allergiyası adlanır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qida allergiyası bədənin müəyyən qida maddələrinə qarşı həddindən artıq immun reaksiyasıdır. Dünyada insanların təxminən 2–3 faizi bu problemlə qarşılaşır.
Allergen qəbul edildikdən sonra reaksiyalar, adətən, qısa müddətdə başlayır və aşağıdakı əlamətlərlə özünü göstərə bilər:
- dəridə qızartı, səpgi və qaşınma;
- üz, dil və dodaqlarda şişkinlik;
- qarın ağrısı, qusma və ishal;
- öskürək və nəfəs darlığı;
- başgicəllənmə və halsızlıq.
Ən təhlükəli vəziyyət isə anafilaksiyadır. Bu, qəfil başlayan və həyati təhlükə yarada bilən ağır allergik reaksiyadır.
Qida allergiyasına daha çox səbəb olan məhsullar isə inək südü, yumurta, dəniz məhsulları, buğda və qlüten tərkibli taxıllar, soya, küncüt toxumu, yerfındığı və bəzi çərəzlərdir. Xüsusilə yerfındığı və bəzi çərəzlər uzunmüddətli, hətta ömürboyu davam edən allergiyaya və ciddi fəsadlara səbəb ola bilər.
Qida allergiyası əsasən məhsulların tərkibində olan zülallarla əlaqədardır. Qida məhsullarının etiketlərində allergenlər mütləq qeyd olunur. Buna görə də məhsulun tərkibini diqqətlə oxumaq, “İzləri ola bilər” qeydinə diqqət yetirmək lazımdır. Həmçinin uşaqlara yeni qida təqdim edərkən ehtiyatlı olmaq lazımdır.
Daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.