AZ

Balaca tamaşaçılara hədiyyə

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sumqayıt Dövlət Dram Teatrı balaca tamaşaçılar üçün maraqlı səhnə əsəri təqdim edib. Yazıçı K.Həsənovun “Sehrli yaylıq” əsəri əsasında hazırlanan eyniadlı birhissəli uşaq tamaşası balaca tamaşaçılar tərəfindən maraqla qarşılanıb. 

Səhnə əsərində balaca Eldarın başına gələn maraqlı və düşündürücü hadisələrdən bəhs olunur. Tamaşa vasitəsilə uşaqlara faydalı işlərlə məşğul olmaq, mobil telefondan və sosial şəbəkələrdən asılılığın zərərlərini anlamaq, dərslərə məsuliyyətlə yanaşmaq, ailəyə, dövlətə və cəmiyyətə yararlı vətəndaş kimi formalaşmaq kimi mühüm dəyərlər aşılanır.

Tamaşada rolları Əməkdar artist Elmira Kərimova, aktyorlar Emil Həmidov, Şəhla Məmmədova, Elay Xasıyev, Məryəm Hüseynli, Aynur Hümbətova və Şəhriyar Aşkari canlandırıb. Nağıl-fantastika janrında hazırlanan tamaşanın quruluşçu rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı Zaur Rəşidov, xoreoqrafı Kamil Ağazadə, rejissor assistenti isə Fazilə Rzayevadır.

Akif ƏLİYEV,

“Azərbaycan”

Seçilən
34
1
azerbaijan-news.az

2Mənbələr