Ermənistanın keçmiş baş naziri Aram Sarkisyan 1998-ci ildə hakimiyyət dəyişikliyindən sonrakı siyasi proseslərlə bağlı diqqətçəkən açıqlamalar verib.
Musavat.com xəbər verir ki, Sarkisyan keçmiş daxili işlər naziri Vano Siradeqyanın işi və Robert Köçəryanın davranışları ilə bağlı sensasion detalları bölüşüb.
Aram Sarkisyanın sözlərinə görə, Levon Ter-Petrosyanın istefasından sonra hakimiyyət dəyişikliyi fonunda qeyri-rəsmi razılaşma mövcud idi. Bu razılaşmaya əsasən, gedən hakimiyyət nümayəndələri əvvəlki siyasi qarşıdurmalara görə təqib olunmamalı idi. Bu prinsip Vano Siradeqyana da şamil edilirdi.
Lakin Sarkisyan iddia edir ki, baş nazir kimi fəaliyyətə başladığı ilk günlərdə keçmiş prezident Robert Koçəryan ona gözlənilməz sual verib: “Vanonu mühakimə edə bilərsən?”
Sarkisyanın dediyinə görə, cavabında icra hakimiyyətinin məhkəməni əvəz etməməli olduğunu bildirib və yalnız günah sübuta yetiriləcəyi halda ədalət mühakiməsinə mane olmayacağını vurğulayıb.
Keçmiş baş nazir daha sonra Levon Ter-Petrosyanın onun vasitəsilə Köçəryana xəbər göndərdiyini deyib. İddiaya görə, mesaj belə olub: əgər Vano Siradeqyan həbs edilərsə, danışmağa başlayacaq və bildiyi bütün məlumatları açıqlayacaq.
Aram Sarkisyanın sözlərinə görə, söhbət zamanı Ermənistan parlamentinin keçmiş sədri Babken Ararktsyanın adı çəkiləndə Robert Koçəryan son dərəcə emosional reaksiya verib və bundan sonra Vano Siradeğyan mövzusuna bir daha qayıtmayıb.
Sarkisyanın ən sensasion açıqlaması isə Siradeqyanla sonrakı söhbətinə aid olub. Onun dediyinə görə, Vano Siradeqyandan Koçəryanın ona qarşı iradlarının mahiyyətini soruşanda belə cavab alıb:
“Bəli, pozmuşam. Düzgün etmişəm. Amma bizim razılaşmada Vazgeni öldürmələri yazılmamışdı”.
Bu açıqlama Ermənistanda 1999-cu il parlament terroru və Vazgen Sarkisyanın qətli ilə bağlı uzun illərdir davam edən siyasi mübahisələri yenidən gündəmə gətirib. Bununla belə, səsləndirilən fikirlərlə bağlı hər hansı hüquqi təsdiq və ya yeni rəsmi istintaq məlumatı təqdim olunmayıb.
Musavat.com