AZ

Ərdoğan Bakı Enerji Həftəsinə məktub göndərdi

Ərdoğan Bakı Enerji Həftəsinə məktub göndərdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan birgə təşəbbüsü nəticəsində Suriyaya başlayan qaz tədarükünün bu ölkənin inkişafına və regional təhlükəsizliyə verdiyi töhfələrin mübahisəsiz olduğunu bildirib.

AFN.az xəbər verir ki, Türkiyə dövlət başçısı Azərbaycanın paytaxtında təşkil olunan Bakı Enerji Həftəsinin açılış mərasiminə müraciət ünvanlayıb və Ərdoğanın məktubunu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar oxuyub.

Bölgədəki proseslərin Azərbaycanla enerji sahəsində atdıqları addımların nə qədər doğru olduğunu bir daha nümayiş etdirdiyinə diqqət çəkən Ərdoğan region üçün xəyal hesab olunan bir çox meqa layihələri Azərbaycanla birlikdə uğurla həyata keçirməyə davam etdiklərini qeyd edib.

Türkiyə lideri Azərbaycanla başlatdıqları və digər dost ölkə Gürcüstanın dəstəyi ilə tamamladıqları "Bakı-Tiflis-Ceyhan", "Bakı-Tiflis-Ərzurum" və TANAP boru kəmərləri kimi layihələrə toxunaraq, "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" tərəfdaşlığı sayəsində Azərbaycanla əməkdaşlığın daha da dərinləşdiyini vurğulayıb.

Türkiyə ilə Azərbaycanın "Şəfəq-Asiman"dakı yeni tərəfdaşlığının bu əlaqələrin sürətlə davam etdiyinin bariz sübutu olduğunu bildirən Ərdoğan ötən il istifadəyə verilən "İğdır-Naxçıvan boru kəməri"nin Naxçıvanın enerji təchizatı təhlükəsizliyini möhkəmləndirdiyini qeyd edib.

O, Türkiyə ilə Azərbaycan arasındakı enerji əlaqələrinin strateji əhəmiyyətini qoruduğunu və gələcəkdə Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında "Yaşıl Enerji Ötürülməsi və Ticarəti" layihəsinin reallaşdırılması ilə bütün regionun enerji təhlükəsizliyinə töhfə verməyi hədəflədiklərini bəyan edib.

Ərdoğan müraciətində ötən ilin avqust ayında Türkiyə-Azərbaycan birgə təşəbbüsü ilə Suriyaya başlayan qaz tədarükünün bu ölkənin inkişafına və regional təhlükəsizliyə töhfələrinin müzakirəedilməz olduğunu, Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən ixracı istiqamətində əməkdaşlığı inkişaf etdirmək üçün böyük imkanların mövcudluğunu diqqətə çatdırıb.

Eyni zamanda Qazaxıstanın təbii resurslarının Qərb bazarlarına çıxarılmasında Bakı-Tiflis-Ceyhan xəttindən getdikcə daha çox istifadə edildiyini vurğulayıb.

Türkiyə olaraq bərpa olunan və yaşıl enerji də daxil olmaqla, enerjinin bütün sahələrində səmərəliliyi və ətraf mühitə hörməti əsas götürən bir baxışa sahib olduqlarını ifadə edən Ərdoğan, qlobal iqlim fəaliyyətində qabaqcıl və nümunəvi ölkələrdən biri olmaq qətiyyətlərini bu il noyabrın 9-20-də Antalyada ev sahibliyi edəcəkləri COP31 Sammiti ilə daha da möhkəmləndirəcəklərini bildirərək Bakı Enerji Həftəsinin ölkələr və region üçün xeyirli olmasını arzulayıb.

Seçilən
58
afn.az

1Mənbələr