ain.az bildirir, Bakupost portalına istinadən.
Bu gündən başlayaraq kart ödənişləri üzrə komissiya limitləri qüvvəyə minir. Yeni qaydalarla ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı həddi müəyyənləşib.
Belə ki, ölkə daxilində ödəniş kartları ilə aşağıdakı MCC kodlar (təsərrüfat subyektinin fəaliyyət sahəsinin təsnifləşdirilməsi üçün ekvayer tərəfindən təsərrüfat subyektinə təyin edilən kod) üzrə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi aşağıdakı kimi müəyyənləşib:
"Drug Stores and Pharmacies" və "Grocery Stores and Supermarket" kateqoriyalarına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.25 faizi;
"Petrol" kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 0.75 faizi;
"General" kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1.5 faizi.
Yuxarıda nəzərdə tutulmayan digər MCC kodlar üzrə isə ölkə daxilində ödəniş kartları ilə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi müəyyən edilməyəcək.
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Bakupost.az-a bildirib ki, kart ödənişləri üzrə yeni komissiya limitlərinin qüvvəyə minməsi bank və ticarət sektorunda xərclərin yenidən bölüşdürülməsinə təsir göstərəcək:
“İnterçeyncin yuxarı həddinin müəyyənləşdirilməsi o deməkdir ki, bəzi sahələrdə kartla ödənişlər zamanı tətbiq olunan xidmət haqqı artıq sabit çərçivəyə salınıb. Ərzaq mağazaları, supermarketlər və apteklər kimi gündəlik istifadə edilən sahələrdə komissiyanın 1.25 faizlə məhdudlaşdırılması bu sektorda əməliyyat xərclərini müəyyən qədər sabitləşdirə bilər. Yanacaq satışında daha aşağı həddin tətbiqi isə bu sahədə ödənişlərin nisbətən daha ucuz başa gəlməsi ilə nəticələnə bilər”.
Bəzi xidmət sahələrində konkret limitin müəyyən edilməməsinə gəldikdə, ekspertin fikrincə, bu banklar və ödəniş sistemləri arasında fərqli tarif siyasətinin davam edəcəyini göstərir:
“Bu isə bəzi sektorlarda xərclərin əvvəlki kimi dəyişkən qalmasına səbəb ola bilər”.
Həmsöhbətimizin sözlərinə görə, ümumilikdə bu qərar istehlakçılara birbaşa deyil, daha çox dolayı təsir göstərəcək:
“Yəni qiymətlərdə kəskin dəyişikliklərdən çox, ödəniş infrastrukturunun xərclərində tənzimlənmə və bazarda müəyyən stabilləşmə müşahidə oluna bilər”.
Rüfət Sultan, BakuPost
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.