“Ermənistanda son aylarda müşahidə olunan siyasi gərginlik artıq normal seçki rəqabəti çərçivəsindən çıxaraq daha təhlükəli mərhələyə daxil olub. Hakimiyyət uğrunda mübarizə xüsusilə Baş nazir Nikol Paşinyanla Rusiyayönümlü siyasi dairələr arasında açıq qarşıdurma formasını alıb. Seçkilərdən sonra ölkədə vəziyyət daha da gərginləşə, hətta daxili qarşıdurma səviyyəsinə çata bilər. Ermənistan cəmiyyətində uzun illərdir davam edən siyasi parçalanma, Qarabağ müharibəsindən sonra yaranmış böhran və xarici güclərin təsiri bu prosesi daha da dərinləşdirən əsas amillər hesab olunur”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, müxtəlif siyasi düşərgələr artıq bir-birini dövlətçiliyə təhlükə yaratmaqda ittiham edir. Paşinyan tərəfdarları keçmiş hakimiyyət komandalarını Moskvanın maraqlarına xidmət etməkdə günahlandırır. Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkilərində 20-ə yaxın siyasi partiya qeydiyyatdan keçsə də, əsas mübarizə Nikol Paşinyan, Güclü Ermənistan Partiyasının rəhbəri Samvel Karapetyan və “Ermənistan” partiyasının başçısı Robert Köçəryanın başçılıq etdiyi siyasi təşkilatlar arasında aparılır. Siyasi situasiya baxımından seçkinin gedişi və nəticəsi isə Ermənistanın gələcəyi üçün olduqca böyük məna kəsb edir. Belə ki, Paşinyanın hər iki rəqibi revanşist qüvvələrin və daha çox Rusiya meyilli siyasi təmayülün təmsilçiləri sayılırlar. Bu baxımdan, seçkini “qütblərarası savaşın seçkisi” adlandıranlar da var. Məlum olduğu kimi, Nikol Paşinyan son bir neçə ildə ölkəsini Rusiya orbitindən uzaqlaşdıraraq Qərbə inteqrasiya yolunu seçib. Paralel olaraq, regional münasibətlər sisteminə baxış fərqlidir - Paşinyan ötən ilin avqustunda Vaşinqtonda sülh sazişinin paraflanması sənədinə imza atıb, Konstitusiya dəyişikliyini və Azərbaycan torpaqlarına əsassız iddialardan əl çəkmək yolunu seçib, ölkəsinin yeni iqtisadi nizamda logistik iştirakını təsdiqləyib. Amma digər iki namizəd məsələlərə baxışında tam fərqli bir yol təqib etməkdədir.
Millət vəkilinin sözlərinə görə, Rusiyanın “patronajlığı” altında seçkiyə qatıldığı iddia edilən Samvel Karapetyan Ermənistan ictimaiyyətində daha çox oliqarx kimi tanınır. Ötən ilin iyunun 18-də “hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar etmək” maddəsi ilə ittiham olunaraq həbs edilmişdi. Həmin vaxt Ermənistan hüquq-mühafizə orqanları bildirmişdilər ki, Karapetyanın açıqlamaları və fəaliyyətləri ölkənin konstitusion quruluşu üçün təhlükə yaradıb. Sonradan həbsxana təcridi ev dustaqlığı ilə əvəz edilsə də, bu ilin yanvarında Karapetyan məhkəmənin qərarı ilə yenidən “dörd divar” arasına qaytarıldı. Cəmisi 1 gün sonra isə bu qərar da dəyişdirildi - Karapetyan yenidən ev dustaqlığına qayıtdı.