AZ

Borçalıda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Ulu Borçalıda Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) və Azərbaycan Evinin təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri və tanınmış rəssam Xəyalə Mustafayevanın “Körpə qalan ruhum” adlı rəsm sərgisi keçirilib.

Tədbirdə bölgənin ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər və uşaq bağçalarının balaca fidanları iştirak ediblər.

Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətindən danışıb, GAİM-in rəsm və təsviri incəsənət üzrə müəllimi Xəyalə Mustafayevanın yaradıcılığını yüksək qiymətləndirərək sərgidə nümayiş olunan əsərlərin bədii və mənəvi dəyərindən bəhs edib, bu cür tədbirlər uşaqların yaradıcılıq potensialının inkişafına, milli-mədəni dəyərlərin təbliğinə və gənc nəslin incəsənətə marağının artırılmasına mühüm töhfə verdiyini qeyd edib. 

Rəssam Xəyalə Mustafayeva sərgidə nümayiş olunan əsərlər haqqında məlumat verərək bildirib ki, bu sərgini digərlərindən fərqləndirən əsas xüsusiyyət onun uşaqlara həsr olunmasıdır. 

İctimaiyyət nümayəndələrindən Ramiz Bəkirov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusibov, Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin müəlliməsi Sevda Şahverdiyeva, Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının sədri Səadət Zeynalqızı, Gürcüstan Azərbaycanlılarının Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, gürcü dili və ədəbiyyatı müəlliməsi Lia Xaraişvili və digərləri çıxış edərək uşaqların hərtərəfli inkişafında təhsil, mədəniyyət və incəsənətin mühüm rolundan danışıblar.

Tədbir çərçivəsində GAİM-in nəzdində Cəmilə Məmmədovanın bədii rəhbərliyi ilə fəaliyyət göstərən Sarvan Folklor Ansamblının rəqqasları Gürcü və Azərbaycan milli rəqslərini təqdim ediblər. Rəngarəng çıxışlar iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Bayram proqramı çərçivəsində uşaqlar üçün müxtəlif rəsm müsabiqələri və əyləncəli proqramlar təşkil olunub. Balacalar gün ərzində həm yaradıcı fəaliyyətdə iştirak edib, həm də maraqlı oyunlar və əyləncələrlə xoş vaxt keçiriblər. Gürcü dili müəlliməsi Anna Allahverdovanın rəhbərliyi altında musiqi nömrələri təqdim olunub.

Qonaqlar Xəyalə Mustafayevanın rəsm sərgisi ilə tanış olub, müəllifin əsərlərini yüksək qiymətləndiriblər. 

Sonda uşaqlara hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkdirilib.

P.ƏMİRCANOV
XQ

Seçilən
26
3
xalqqazeti.az

4Mənbələr