AZ

“PSJ”nin qələbəsindən sonra XAOS: Yüzlərlə insan saxlanıldı, mağazalar talan edildi

Fransada “Pari Sen-Jermen” (PSJ) futbol klubunun Çempionlar Liqasının finalındakı qələbəsindən sonra baş verən iğtişaşlar zamanı 780 nəfər saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes bəyanat yayıb.

Nazirin sözlərinə görə, hadisələr zamanı 57 polis və jandarma əməkdaşı xəsarət alıb.

Bazar günü keçirilən mətbuat konfransında çıxış edən Nunyes qeyd edib ki, bu göstərici ötən il “eyni hadisə ilə bağlı” qeydə alınan rəqəmdən 30% çoxdur.

Saxlanılanlardan 457 futbol azarkeşi və xuliqan barəsində həbs qətimkan tədbiri seçilib. Qarşıdurmalar zamanı polislər də daxil olmaqla, ümumilikdə 219 nəfər yaralanıb.

Daxili işlər naziri asayiş keşikçilərinin fəaliyyətini yüksək qiymətləndirib. O xəbərdarlıq edib ki, Parisin "periferik" dairəvi avtomobil yolunu bağlamağa çalışan şəxslər videomüşahidə kameralarının qeydləri əsasında cərimələnəcəklər.

Nunyesin verdiyi məlumata görə, iğtişaşların bürüdüyü Fransanın onlarla şəhərində bir neçə mağaza talan edilib və bu, həddindən artıq çoxdur. Po və Orlean şəhərlərində isə ictimai binalara ciddi ziyan dəyib.

Parisdə əsas toqquşmalar Yelisey çölləri (Champs-Élysées) rayonunda və “Park de Prens” stadionunun ətrafında qeydə alınıb.

Polisin məlumatına görə, Yelisey çöllərinə 20 000-ə yaxın insan toplaşıb və təhlükəsizlik qüvvələri izdihamı nəzarətdə saxlamaq üçün xüsusi tədbirlər görüb. Həmçinin polisin 24 məşəl və 100-ə yaxın pirotexniki vasitəni müsadirə etdiyi bildirilir.

İğtişaş iştirakçılarının gecə saatlarında bağlamağa çalışdığı Paris dairəvi yolunda baş verən qəza nəticəsində isə bir nəfərin meyiti aşkar edilib.

Səlahiyyətli qurumlar final oyunundan sonra mümkün iğtişaşların yaşanacağına öncədən hazırlaşdıqlarını və bayram şənliklərinin təhlükəsiz keçirilməsini təmin etməyin vacibliyini bəyan ediblər.

Xatırladaq ki, 2025-ci ildə də “PSJ”nin əsas avrokubokdakı qələbəsindən sonra Parisdə və Fransanın bir neçə digər şəhərində kütləvi iğtişaşlar baş verib. Medianın yaydığı məlumatlara görə, həmin hadisələr zamanı 2 nəfər həyatını itirib, 192 nəfər yaralanıb və ən azı 559 nəfər saxlanılıb.

Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr