Avropa İttifaqı (Aİ) Yaxın Şərqdəki münaqişə fonunda dünya bazarlarında neft qiymətlərinin artması səbəbindən Rusiya neftinə tətbiq olunan qiymət tavanını müvəqqəti olaraq dondurmağı nəzərdən keçirir.
Manset.az xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg agentliyi məlumat yayıb.
Hazırda qüvvədə olan qiymət tavanı bir barel üçün 44.10 dollar təşkil edir. Mənbələrin bildirdiyinə görə, bu göstərici hər altı aydan bir avtomatik qaydada yenidən nəzərdən keçirilir və Rusiyanın "Urals" markalı neftinin orta bazar qiymətindən 15 faiz aşağı səviyyədə müəyyən edilir.
Lakin neft qiymətlərinin yüksəlməsi, o cümlədən Hörmüz boğazının faktiki bağlanması ilə bağlı yaranan vəziyyət növbəti yenidən baxılma zamanı qiymət tavanının bir barel üçün 65 dollara qədər artırılmasına səbəb ola bilər.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, müzakirə olunan variantlardan biri qiymət tavanının mövcud səviyyədə saxlanılmasıdır. Digər təklif isə Yaxın Şərqdəki vəziyyət nəzərə alınaraq avtomatik artım mexanizminin ilin sonunadək dayandırılmasını nəzərdə tutur.