AZ

UEFA Azərbaycan klubunu "qırmızı zona"ya saldı – Avropanı unut!

"Turan Tovuz" 32 ildən sonra döndüyü Avropa səhnəsinə buraxılmamaq təhlükəsi ilə üzləşib.
Premyer Liqada mövsümü bürünc medalla başa vuraraq ölkəmizi Konfrans Liqasında təmsil etməli olan klub gözləmədiyi problemlə qarşılaşıb.
Hadisənin mahiyyəti 2019-cu ildə başverənlərə gedib çıxır.
Belə ki, həmin il UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, "Turan Tovuz”un 7 oyunçusu - Qocayev Sənan, Rüstəmov Misir, Bağırov Emin, Sadıqov İlkin, Məmmədov Rüfət, Tağıyev Eltay və Quluzadə Şahin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunduğu üçün futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.
Tovuz təmsilçisinin Konfrans Liqasına gedən yolunu bağlayan qadağa da məhz bu hadisələrdən qaynaqlanır. Təxminən 10 gün əvvəl UEFA-dan "Turan Tovuz"a bununla bağlı məktub gəlib.
Klub qısa müddətdə qadağanın aradan qaldırılmasına çalışıb, hətta kömək üçün hazırda FIFA-da Üzv Assosiasiyaların direktoru vəzifəsində çalışan AFFA-nın sabiq baş katibi Elxan Məmmədova minnətçi düşüb.
Lakin müsbət nəticə əldə etmək mümkün olmayıb.
"Turan Tovuz" rəhbərliyi qərarla hələ də razılaşmaq istəmir.
Mümkün bütün instansiyalara baş vurub, qadağanı aradan götürməyə ümid edirlər.
Əks halda, "Turan Tovuz"u qitə arenasında mövsümü 5-ci sırada tamamlayan "Zirə" əvəzləyəcək.
AFFA-dan redaksiyamıza ötürülən informasiyaya görə, UEFA "Turan Tovuz"u "qırmızı zona"ya salıb. Bu da o deməkdir ki, region komandası hətta növbəti sezonda ölkə çempionu olsa belə, yenə qitə arenasından kənarda qala bilər.
Çünki Avropa futbol qurumu 7 nəfərin dəfələrlə oyun «alver»inə girişməsini kollektiv surətdə nəticələri saxtalaşdırmaq hesab edir. Odur ki, bu işə girişlənlərintörətdiyi əməlləri klubun passivinə yazıb.
Tovuz təmsilçisinin İdarə Heyətinin sədri Ehtiram Quliyev İsveçrədən gələn xəbərdən şoka düşüb. Həmin vavxt klubun rəhbəri olan, indi də burada vəzifə tutan Oqtay Abdullayevlə görüşüb, bu məsələ barədə indiyədək ona heç bir məlumatın verilməməsinə ciddi irad bildirib. "Turan"a xərclədiyi böyük miqdarda vəsaitin hədər getməsiylə barışmaq istəməyən iş adamı ötən müddətdə bu istiqamətdə heç bir addımın atılmamsasına təəccüblənib, fəaliyyətsizliyinə görə Abdullayevi möhkəm danlayıb.

SPORTİNFO.AZ

Seçilən
30
sportinfo.az

1Mənbələr