AZ

Qısa ömrə sığan bir ömürlük irs Araz Əsgərli yazır…

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəzən insan ömrü təqvimlə ölçülmür. Bəzən cəmi bir neçə onilliyə bütöv bir dövrün yükü, məsuliyyəti, mübarizəsi və tarixi sığır. Elə insanlar var ki, yaşadıqları müddətdə öz dövrlərinin hadisələrini sadəcə izləmirlər, həmin hadisələrin iştirakçısına, şahidinə və bəzən də istiqamətverici qüvvəsinə çevrilirlər. Mirzə Əsgərov məhz belə insanlardan biri idi.

Bu gün onun haqqında danışarkən ilk növbədə bir insanı, bir jurnalisti, bir ziyalını deyil, bütöv bir həyat fəlsəfəsini xatırlayıram. Çünki onun ömrü və fəaliyyəti bir amalın – Azərbaycan dövlətinə, xalqına və həqiqətə xidmət amalının ifadəsi idi.

1956-cı il iyulun 7-də Ordubadın qədim Aşağı Aza kəndində dünyaya göz açan Mirzə Əsgərov hələ gənclik illərindən qələmi özünün ən güclü silahına çevirmişdi. Bakı Dövlət Universitetində aldığı təhsil, sonradan Ali Partiya Məktəbində və Moskvada Jurnalist Sənətkarlığı İnstitutunda qazandığı biliklər onun peşəkar jurnalist kimi formalaşmasında mühüm rol oynadı. Lakin onu fərqləndirən təkcə biliyi deyildi. Onu fərqləndirən həqiqətə sədaqəti, cəsarəti və sözün qarşısında hiss etdiyi məsuliyyət idi.

Tələbəlik illərində universitet qəzetində başlayan yaradıcılıq yolu qısa müddətdə onu Azərbaycanın aparıcı qələm adamlarından birinə çevirdi. Gənc yaşlarında “Kaspi” qəzetinin baş redaktoru vəzifəsinə yüksəlməsi təsadüf deyildi. O, qələmi ilə etibar qazanmışdı. Sonrakı illərdə Qarabağdan Naxçıvana, Bakıdan Moskvaya qədər müxtəlif məkanlarda fəaliyyət göstərərək Azərbaycan jurnalistikasının nüfuzlu simalarından biri oldu.

Lakin Mirzə Əsgərovun fəaliyyəti yalnız qəzet səhifələri ilə məhdudlaşmırdı. O, Azərbaycanın ən mürəkkəb və taleyüklü dövrlərində informasiya cəbhəsinin ön xəttində dayanırdı. Dünya mediasının diqqətini Azərbaycana yönəltmək, ölkəmizin haqq səsini beynəlxalq auditoriyaya çatdırmaq üçün yorulmadan çalışırdı. BBC, CNN, Anadolu Agentliyi, TASS, İRNA və digər nüfuzlu media qurumlarının Azərbaycanla bağlı obyektiv məlumatlar əldə etməsində onun böyük əməyi vardı. O dövrdə informasiya uğrunda gedən mübarizə ən azı siyasi və hərbi mübarizə qədər vacib idi və Mirzə Əsgərov bu mübarizənin ön sıralarında dayanırdı.

Azərbaycan dövlətçiliyinin taleyinin həll olunduğu ağır illərdə onun vətəndaş mövqeyi daha aydın görünürdü. O, tarixə “91-lər” kimi düşən və Ulu Öndər Heydər Əliyevi xalqın təkidli tələbi ilə yenidən siyasi rəhbərliyə dəvət edən ziyalılar arasında idi. Həmin müraciətə imza atmaq sadəcə siyasi mövqe nümayiş etdirmək deyildi. Bu, məsuliyyət idi. Bu, dövlətçilik qarşısında vicdan borcu idi. Bu, Azərbaycanın gələcəyinə inamın ifadəsi idi.

Mirzə Əsgərov həmin imzanı atdıqdan sonra öz missiyasını başa çatmış hesab etmədi. Əksinə, onun üçün əsas fəaliyyət bundan sonra başlayırdı. O, jurnalist kimi, ziyalı kimi, ictimai xadim kimi xalqın düzgün məlumatlandırılması, cəmiyyətin baş verən siyasi prosesləri obyektiv qiymətləndirməsi üçün çalışırdı. Heydər Əliyevin Azərbaycan üçün daşıdığı xilaskarlıq missiyasını, dövlətçilik ideyalarını, milli birliyin vacibliyini qələmi ilə insanlara çatdırırdı.

Naxçıvanda Ulu Öndərlə çiyin-çiyinə fəaliyyət göstərdiyi illər onun həyatının ən şərəfli səhifələrindən biri oldu. O, həmin dövrdə dövlətçilik düşüncəsinin, milli həmrəyliyin və Azərbaycanın gələcəyinə inamın formalaşmasına öz töhfəsini verdi. Sonradan Ulu Öndərlə birlikdə Bakıya qayıdaraq Azərbaycanın yeni tarixinin yazıldığı günlərin iştirakçılarından oldu.

Mirzə Əsgərovun yaratdığı “Naxçıvan” qəzeti, təsis etdiyi “Naxçıvan yaşayır, döyüşür” jurnalı və “Real” İnformasiya Agentliyi onun peşəkar fəaliyyətinin sadəcə nümunələri deyil, milli mətbuat tariximizin mühüm səhifələridir. Bu layihələrin hər biri Azərbaycanın müstəqillik ideyalarının, milli düşüncəsinin və informasiya mübarizəsinin daşıyıcısı idi.

Onun əməyi dövlət və cəmiyyət tərəfindən də yüksək qiymətləndirildi. Həsən bəy Zərdabi adına mükafat, “Qızıl qələm” mükafatı, Hacı Zeynalabdin Tağıyev adına fəxri diplom və digər təltiflər bunun təsdiqi idi. Amma onu tanıyanlar yaxşı bilirdilər ki, Mirzə Əsgərov üçün ən böyük mükafat vəzifə və ya medal deyildi. Onun ən böyük mükafatı Azərbaycan xalqına xidmət etmək, dövlətə faydalı olmaq və vicdanı qarşısında hesabat verə bilmək idi.

1993-cü il oktyabrın 26-da onun həyatı gözlənilmədən yarımçıq qaldı. Cəmi 37 yaşında… Bir insan üçün çox erkən, amma bir ömür üçün çox zəngin bir nöqtə…

Lakin bəzi insanlar vəfat etdikdən sonra da yaşayırlar. Onlar yazdıqları sətirlərdə, yetişdirdikləri insanlarda, xidmət etdikləri dövlətin tarixində və ən əsası, onları sevən insanların qəlbində yaşayırlar.

Ulu öndər Heydər Əliyevin Mirzə Əsgərov haqqında söylədiyi sözlər onun şəxsiyyətinə verilən ən böyük qiymətlərdən biridir: “Bütün jurnalistlərə və qələm sahiblərinə Mirzə Əsgərov kimi cəsarətli, əqidəli, sadiq olmağı tövsiyə edirəm. Belə insanlardan nümunə götürmək lazımdır.”

Bu fikir təkcə bir jurnalist haqqında deyilən söz deyildi. Bu, bir ömür yoluna verilən qiymət idi.

Bu gün, illər keçdikdən sonra Mirzə Əsgərovun adı onu tanıyanların xatirəsində eyni hörmətlə yaşayır. Çünki insanın böyüklüyü yaşadığı illərlə deyil, arxasında qoyduğu izlə ölçülür. O iz isə zaman keçdikcə daha aydın görünür.

Bir övlad kimi mənim üçün atamın ən böyük mirası onun adı, ləyaqəti, dürüstlüyü və vətənə xidmət nümunəsidir. O, bizə var-dövlət deyil, şərəfli bir soyad, təmiz bir ad və yüksək mənəvi dəyərlər miras qoydu.

Bəzi insanlar dünyadan köçürlər, amma unudulmurlar.

Mirzə Əsgərov da unudulmayanlardan oldu.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
icma.az

1Mənbələr