AZ

Kremlin basqısı, “yolayrıcında” qalan İrəvan, yoxsa “ikinci Ukrayna” ssenarisi...

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Ermənistan  baş nazirinin müavini Mqer  Qriqoryanın Avrasiya İqtisadi Birliyi ilə bağlı verdiyi son açıqlama əslində bu mürəkkəb geosiyasi balansın etirafı kimi qiymətləndirilə bilər.Qriqoryan bildirib ki, Ermənistan “qarşılıqlı hörmət, bərabər tərəfdaşlıq və bütün AİB üzv dövlətlərinin milli maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanaraq Birliyin işində xoşməramlı şəkildə iştirak etməyə davam etmək niyyətindədir”. Bu açıqlama ilk baxışda diplomatik və balanslı görünsə də, əslində Moskvanın artan təzyiqləri fonunda İrəvanın vəziyyətinin nə qədər həssas olduğunu ortaya qoyur.Rusiya artıq Ermənistana qarşı iqtisadi rıçaqları aktiv şəkildə işə salmağa başlayıb. “Rosselxoznadzor”un Ermənistanın bir sıra məhsullarına-mineral su, tərəvəz və xüsusilə də Ermənistan iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyan konyak ixracına məhdudiyyət tətbiq etməsi təsadüfi addım deyil. Bu, Kremlin İrəvana açıq mesajıdır: “Qərbə yaxınlaşmanın iqtisadi bədəli olacaq”.Bununla yanaşı, Rusiya Energetika Nazirliyinin Ermənistana neft məhsulları, təbii qaz və xam almazın rüsumsuz tədarükü ilə bağlı müqavilələri ləğv etmə ehtimalını gündəmə gətirməsi vəziyyətin daha ciddi mərhələyə keçdiyini göstərir. Ermənistan iqtisadiyyatının və enerji təhlükəsizliyinin böyük ölçüdə Rusiyadan asılı olduğu nəzərə alınarsa, Moskvanın bu addımları İrəvan üçün ciddi risklər yaradır.Kremlin mövqeyi isə dəyişmir. Rusiya Prezidenti Vladimir Putin və digər yüksək rütbəli rəsmilər dəfələrlə açıq şəkildə bəyan ediblər ki, Ermənistan eyni vaxtda həm Avropa Birliyinə, həm də Avrasiya İqtisadi Birliyinə inteqrasiya edə bilməz. Moskva postsovet məkanında geosiyasi loyallığı sıfır toplamlı oyun kimi görür: ya Rusiya ilə, ya da Qərblə.7 iyunda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca Ermənistanda daxili siyasi mübarizə də daha da kəskinləşir. Nikol Paşinyan hakimiyyəti bir tərəfdən Qərblə münasibətləri dərinləşdirməyə çalışır, digər tərəfdən isə Rusiyanın sərt reaksiyasından yayınmağa cəhd edir. Lakin görünən odur ki, Kreml artıq İrəvanın “iki stul siyasəti”ni qəbul etmək niyyətində deyil.

Ermənistana qarşı siyasi, diplomatik təzyiqlərin artması ilə yanaşı, Ermənistan məhsullarına qoyulan məhdudiyyətlər, enerji və xammal təchizatı ilə bağlı hədələr, siyasi ritorikanın sərtləşməsi və indi də AİB səviyyəsində referendum tələbi göstərir ki, Moskva İrəvana açıq mesaj verir: “Ya bizimlə qalacaqsınız, ya da bunun nəticələrinə hazır olacaqsınız”.

Beləliklə, Ermənistan indi tarixi və taleyüklü seçim mərhələsinə daxil olur. Kreml isə həm öz gücündən, həm də regional müttəfiqlərinin siyasi çəkisindən istifadə edərək İrəvana təzyiqi maksimum həddə çatdırmağa çalışır. Qarşıdakı dövrdə Ermənistanın hansı istiqaməti seçəcəyi yalnız bu ölkənin deyil, bütövlükdə Cənubi Qafqazın gələcək geosiyasi mənzərəsini müəyyən edə bilər.Burada xüsusi vurğulanmalı məqamlardan biri də Ermənistanın getdikcə “ikinci Ukrayna” ssenarisinə yaxınlaşması ilə bağlı artan ehtimallardır. Çünki Moskva postsovet məkanında Qərbə inteqrasiya meyllərini yalnız siyasi seçim kimi deyil, birbaşa öz təhlükəsizlik maraqlarına təhdid kimi qəbul edir. Ukrayna nümunəsində olduğu kimi, Ermənistanın da sürətlə Avropa orbitinə daxil olması Kremlin sərt reaksiyasını daha da gücləndirə bilər.Rusiya yaxşı anlayır ki, Ermənistan Cənubi Qafqazda onun üçün strateji dayaq nöqtələrindən biridir. Bu ölkənin Qərbə tam inteqrasiyası Moskvanın regiondakı təsir imkanlarını ciddi şəkildə zəiflədə bilər. Məhz buna görə Kreml Ermənistanı “qırmızı xətti keçməmək” barədə həm siyasi, həm iqtisadi, həm də psixoloji təzyiqlərlə xəbərdar etməyə çalışır.Bu baxımdan AİB və KTMT platformalarının kollektiv təzyiq alətinə çevrilməsi də təsadüfi deyil. Kreml Ukrayna ssenarisinin Ermənistanda təkrarlanmasının qarşısını almaq üçün hələ indidən preventiv addımlar atır. İrəvan isə bir tərəfdən Avropaya yaxınlaşmaq, digər tərəfdən Rusiyanın sərt reaksiyasından yayınmaq dilemması ilə üz-üzə qalıb.Ən təhlükəli məqam isə odur ki, Ermənistan daxilində geosiyasi seçim məsələsi artıq cəmiyyətdə ciddi parçalanma yaradır. Bir tərəf Qərbə inteqrasiyanı ölkənin gələcəyi hesab edir, digər tərəf isə Rusiyadan uzaqlaşmanın təhlükəsizlik və iqtisadi baxımdan ağır nəticələr doğuracağını düşünür. Bu isə ölkədaxili siyasi sabitliyi zəiflədən əsas faktorlardan birinə çevrilir.

Əgər Moskva ilə İrəvan arasında qarşıdurma daha da dərinləşərsə, Ermənistanın uzunmüddətli geosiyasi böhran zonasına çevrilməsi ehtimalı qaçılmaz olacaq. Bu səbəbdən bəzi ekspertlər artıq Ermənistanın “ikinci Ukrayna” olmaq riskindən danışmağa başlayırlar.Bu proses həm də Cənubi Qafqaz uğrunda gedən böyük geosiyasi rəqabətin yeni mərhələyə keçdiyini göstərir. Ermənistanın strateji seçim qarşısında qalması regiondakı güc balansına da birbaşa təsir edəcək. Əgər İrəvan Qərbə inteqrasiyanı sürətləndirərsə, Moskvanın siyasi və iqtisadi təzyiqlərinin daha da sərtləşməsi istisna deyil.Beləliklə, Ermənistan indi tarixi yol ayrıcındadır. Bir tərəfdə Rusiyanın təsir dairəsində qalmaq, digər tərəfdə isə Avropa ilə inteqrasiya arzusu dayanır. Bu seçimin nəticələri isə təkcə Ermənistan üçün deyil, bütövlükdə region üçün yeni geosiyasi reallıqlar formalaşdıra bilər.Mürtəza Bünyadlı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
1
olke.az

2Mənbələr