Sherg.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Dünya neft bazarında qiymət dəyişiklikləri davam edir. Son ticarət əməliyyatlarının nəticələrinə görə, Azərbaycanın ixrac etdiyi “Azeri Light” markalı neftin qiymətində azalma müşahidə olunub. Belə ki, sözügedən neftin bir bareli əvvəlki göstərici ilə müqayisədə 2,56 ABŞ dolları və ya 2,55 faiz ucuzlaşıb.
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı Akif Nəsirli Sherg.az-a açıqlamasında “Azeri Light” neftinin qiymətinin ucuzlaşmasını bir neçə amillə əlaqələndirib. Onun sözlərinə görə, qlobal iqtisadi artımın zəifləməsi ilə bağlı gözləntilər neftə olan tələbat proqnozlarını azaldır: 
"Eyni zamanda, böyük istehsalçı ölkələrin hasilatı artırması və ya bazarda təklifin yüksək qalacağına dair siqnallar investorların satışlarını gücləndirə bilir. ABŞ dollarının möhkəmlənməsi də neft qiymətlərinə təzyiq göstərən amillərdən biridir, çünki neft beynəlxalq bazarlarda dollarla satılır".
İqtisadçı qeyd edib ki, Azərbaycan iqtisadiyyatı üçün neft qiymətlərinin enməsi müəyyən risklər yaradır: "Dövlət büdcəsinin gəlirlərinin və ixrac daxilolmalarının əhəmiyyətli hissəsi enerji sektorundan formalaşdığı üçün qiymət azalması büdcə gəlirlərinin və valyuta axınının zəifləməsinə səbəb ola bilər. Əgər eniş uzun müddət davam etsə, Dövlət Neft Fonduna daxilolmalar azala, iqtisadi artım tempinə və investisiya imkanlarına mənfi təsir göstərə bilər. Bununla belə, 98 dollar səviyyəsi tarixi baxımdan hələ də kifayət qədər yüksək qiymət hesab olunur və qısamüddətli dəyişikliklər dərhal ciddi problemlər yaratmır".
Ekspert hesab edir ki, hazırkı enişin qısamüddətli korreksiya, yoxsa uzunmüddətli tendensiyanın başlanğıcı olduğunu dəqiq söyləmək çətindir:
"Təkcə bir neçə günlük və ya həftəlik qiymət azalması bazarda korreksiya kimi qiymətləndirilə bilər. Uzunmüddətli enişdən danışmaq üçün qlobal tələbatın davamlı zəifləməsi, təklifin artması və qiymətlərin aylarla aşağı istiqamətdə hərəkət etməsi müşahidə olunmalıdır. Buna görə də hazırkı məlumatlara əsasən bu azalmanı daha çox bazarın qısamüddətli reaksiyası və ya korreksiyası kimi qiymətləndirmək mümkündür. Lakin növbəti həftə və aylarda dünya iqtisadiyyatının vəziyyəti, böyük istehsalçıların qərarları və enerji bazarındakı ümumi tendensiyalar qiymətlərin gələcək istiqamətini müəyyən edəcək".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.