AZ

Azərbaycan mediası WUF13-də missiyasını uğurla yerinə yetirdi -

Bakıda 17-22 may tarixlərində keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) şəhərsalma, dayanıqlı inkişaf, iqlim dəyişiklikləri, urbanizasiya və gələcəyin şəhərləri ilə bağlı qlobal müzakirələr üçün mühüm beynəlxalq platformaya çevrildi. Dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçını bir araya gətirən forum təşkilati baxımdan olduğu kimi, informasiya axınının idarə olunması baxımından da uğurlu tədbirlərdən biri kimi yadda qaldı.Metbuat.az bildirir ki, bu uğurda Azərbaycan mediasının xüsusi payı oldu. Forum ərzində yerli media qurumları tədbirin gedişatını operativ şəkildə işıqlandıraraq həm ölkə ictimaiyyətinin, həm də beynəlxalq auditoriyanın məlumatlandırılmasına töhfə verdilər. Forumun keçirildiyi günlərdə xəbər saytları, televiziya kanalları və informasiya agentlikləri tədbirin əsas sessiyalarından canlı yayımlar təqdim etdi, xarici qonaqlarla müsahibələr hazırladı, ekspert rəylərini ictimaiyyətə çatdırdı. Ən vacib məqamlardan biri isə urbanizasiya və şəhərsalma kimi spesifik mövzuların sadə və anlaşıqlı dildə oxucuya təqdim olunması oldu. Azərbaycan mediası bu dəfə yalnız xəbər ötürücüsü rolunda çıxış etmədi. Jurnalistlər forum çərçivəsində müzakirə olunan məsələlərin mahiyyətini araşdırmağa, onların ölkə və region üçün əhəmiyyətini izah etməyə çalışdılar. Nəticədə oxucular və izləyicilər təkcə tədbirin harada və nə vaxt keçirildiyi barədə deyil, həm də burada qəbul olunan yanaşmaların gələcək şəhər inkişafına necə təsir göstərə biləcəyi barədə məlumat əldə etdilər. Mediada yayımlanan materiallarda dayanıqlı şəhərlərin qurulması, yaşıl enerji, ağıllı şəhər həlləri, nəqliyyat infrastrukturu, sosial inklüzivlik və iqlim dəyişikliklərinə uyğunlaşma kimi mövzular geniş yer aldı. Bu isə forumun əsas mesajlarının cəmiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyırdı. Forumun işıqlandırılmasında fəal iştirak edən media qurumlarından biri də Metbuat.az oldu. Sayt tədbirdə geniş heyətlə təmsil olunaraq forumun əsas sessiyalarını, panel müzakirələrini və xüsusi tədbirlərini yerindən işıqlandırıb. Komanda tərəfindən forum günlərində yüzdən çox xəbər, reportaj, müsahibə və videomaterial hazırlanaraq oxuculara təqdim olunub. Metbuat.az-ın rəhbəri Ramil Mirzəyev forumla bağlı fikirlərini bölüşərkən qeyd edib ki, WUF13 Azərbaycan mediasının peşəkar potensialını nümayiş etdirməsi baxımından mühüm platforma olub. Onun sözlərinə görə, son illər ölkəmizdə keçirilən irimiqyaslı tədbirlərin işıqlandırılması yerli mətbuatın beynəlxalq səviyyədə söz sahibinə çevrildiyini göstərir: Fotoda: Metbuat.az-ın təsisçisi Ramil Mirzəyev“WUF13 Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi imkanlarını nümayiş etdirdiyi kimi, yerli medianın da potensialını göstərdi. Forum günlərində müxtəlif ölkələrdən gəlmiş jurnalistlər, ekspertlər və beynəlxalq təşkilat nümayəndələri ilə ünsiyyət qurmaq imkanı yarandı. Bu, həm peşəkar təcrübənin artırılması, həm də beynəlxalq media mühitində əməkdaşlıq imkanlarının genişlənməsi baxımından önəmlidir”. O qeyd edib ki, urbanizasiya, dayanıqlı inkişaf və şəhərsalma kimi mövzular jurnalistlərdən əlavə hazırlıq və daha dərindən araşdırma tələb edir. Bu baxımdan WUF13 həm jurnalistlərin yeni istiqamətlər üzrə biliklərini artırması, həm də beynəlxalq ekspertlərlə birbaşa təmas qurması üçün mühüm imkan yaradıb. “Son illər Azərbaycanda keçirilən beynəlxalq tədbirlər göstərir ki, yerli media qlobal miqyaslı forumların işıqlandırılması sahəsində ciddi təcrübə qazanıb. WUF13 zamanı da media operativliklə yanaşı, məzmunun keyfiyyətinə diqqət yetirərək forumun əsas mesajlarını geniş auditoriyaya çatdıra bildilər. Azərbaycan mediası WUF13-də öz missiyasını uğurla yerinə yetirdi”, - deyə Ramil Mirzəyev vurğulayıb. Qeyd edilməlidir ki, beynəlxalq tədbirlərin uğurla təşkili ilə yanaşı, onların peşəkar şəkildə işıqlandırılması da mühüm əhəmiyyət daşıyır. Çünki istənilən qlobal tədbir barədə ilkin təsəvvür məhz media vasitəsilə formalaşır. WUF13 çərçivəsində Azərbaycan mediasının nümayiş etdirdiyi operativlik və peşəkar yanaşma ölkənin informasiya sektorunun inkişaf səviyyəsini bir daha ortaya qoydu. Bu gün qlobal informasiya məkanında rəqabət daha da güclənir və xəbərin sürəti ilə yanaşı, onun dəqiqliyi və məzmun keyfiyyəti də həlledici amilə çevrilir. Belə bir mühitdə beynəlxalq tədbirlərin işıqlandırılmasında çeviklik, analitik baxış və məsuliyyətli media yanaşması xüsusi önəm daşıyır. WUF13 təcrübəsi göstərdi ki, Azərbaycan mediası bu çağırışlara uyğunlaşmaqla yanaşı, ölkədə keçirilən qlobal tədbirlərin yüksək peşəkarlıqla işıqlandırılmasında kifayət qədər ciddi potensiala malikdir. Aynur Abdınova / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

Seçilən
7
50
metbuat.az

10Mənbələr