AZ

Şəkillərin silinməsi müəllim fəaliyyətinin məhdudlaşdırılmasıdır AÇIQLAMA

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Bakı şəhərindəki bütün ümumtəhsil məktəblərinin saytlarından müəllimlərin şəkilləri çıxarılıb. Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məktəblərə göstəriş verilib.

Məlum olub ki, müəllimlərin şəkillərinin məktəb saytlarından çıxarılmasına təhsil işçilərinin nüfuzunu aşağılamağa yönəlmiş addımlar səbəb olub.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev bildirdi ki, belə hallar baş verdiyi təqdirdə, buna qarşı görüləcək tədbirlər fərqli olmalıdır:

"Yəni müəllimlərin şəkillərini müxtəlif saytlardan götürərək onları şantaj edənlər və ya müəllim nüfuzuna xələl gətirəcək addımlar atanlarla bağlı tədbirlər görülməlidir. Lakin buna görə müəllimlərin şəkillərinin saytlardan çıxarılması, yaxud təhsil müəssisələrinin sosial platformalarında müəllimlərlə bağlı paylaşımların silinməsi və ya məhdudlaşdırılması uyğun yanaşma hesab olunmamalıdır. Çünki əgər təhsil müəssisəsinin rəsmi internet səhifəsində və ya sosial platformalarında müəllimin fəaliyyəti ilə bağlı, şagirdlərə tövsiyə xarakterli çıxışları, müsbət fəaliyyəti əks etdirən videolar varsa və ya müəllimin şagirdlərlə birlikdə iştirak etdiyi ekskursiya və digər tədbirlərdən görüntülər paylaşılırsa, bunların qeyd olunan hallara görə silinməsi və ya çıxarılması doğru yanaşma deyil".

Müsahibimiz qeyd etdi ki, belə hallarla bağlı müəyyən tədbirlər görülməlidir:

"Hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır və bu istiqamətdə lazımi addımlar atılmalıdır. Həmin şəxslər istintaqa cəlb olunmalıdır. Bu, ayrı bir məsələdir. Həm məktəb rəhbərliyi, həm də müəllimlər hüquq-mühafizə orqanlarına birbaşa müraciət etməli və öz hüquqlarını müdafiə etməlidirlər. Amma belə hadisələrin qarşısını almaq məqsədilə orta ümumtəhsil məktəblərinin rəsmi internet səhifələrində və ya sosial platformalarında müəllimlərə aid şəkillərin, fəaliyyətlərin və digər paylaşımların tamamilə yığışdırılması, ləğv edilməsi və ya silinməsi optimal variant deyil. Bu, problemin səbəbini aradan qaldıran bir üsul hesab oluna bilməz".

Ekspertin fikrincə, belə bir yanaşma müəllim fəaliyyətinin məhdudlaşdırılması kimi də qiymətləndirilə bilər:

"Məsələn, əgər bir neçə müəllim şantaja məruz qalıbsa, nəticədə bütün müəllimlərin bundan zərər görməsi düzgün olmazdı. Ona görə də düşünürəm ki, bu istiqamətdə atılan addım doğru addım deyil. Burada əsas görülməli iş hüquq-mühafizə orqanlarına müraciət olunması və məsələnin onlar tərəfindən hüquqi müstəvidə qiymətləndirilməsidir".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
redaktor.az

2Mənbələr