Bəs gələcəkdə Azərbaycanda da pensiyaçıların kommunal ödənişlərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması mümkündürmü?
Demokrat.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, pensiyaçıların kommunal xərclərinin dövlət tərəfindən qarşılanması bir çox ölkələrdə sosial müdafiə siyasətinin mühüm istiqamətlərindən hesab olunur.
“Beynəlxalq təcrübə göstərir ki, əksər dövlətlər bütün pensiyaçıların deyil, əsasən aşağı gəlirli və həssas kateqoriyaya aid yaşlı insanların kommunal xərclərinin müəyyən hissəsini subsidiya edir.
Fransa və Almaniya kimi Avropa ölkələrində aztəminatlı pensiyaçılar üçün istilik və enerji xərclərinin ödənilməsinə dövlət dəstəyi göstərilir. Bu yardımlar ailələrin gəlir səviyyəsi nəzərə alınmaqla hesablanır və birbaşa kommunal xərclərin azaldılmasına yönəldilir.
Böyük Britaniyada uzun illərdir tətbiq olunan “Winter Fuel Payment” proqramı çərçivəsində yaşlı vətəndaşlara qış mövsümündə istilik xərclərinin qarşılanması üçün əlavə maliyyə yardımı ayrılır. Bu proqramın əsas məqsədi yaşlı əhalini enerji yoxsulluğundan qorumaqdır”.
Mütəxəssis bildirib ki, Polşa, Macarıstan və bir sıra Mərkəzi Avropa ölkələrində də enerji qiymətlərinin yüksəldiyi dövrlərdə pensiyaçılar üçün xüsusi kommunal kompensasiya paketləri tətbiq olunur.
“Postsovet məkanında da bu sahədə maraqlı nümunələr mövcuddur. Belə ki, Qazaxıstan və Belarusda aşağı gəlirli pensiyaçıların kommunal xərclərinin müəyyən hissəsi yerli büdcələr və ya sosial yardım proqramları vasitəsilə kompensasiya edilir.
Beynəlxalq təcrübə dövlətlərin daha çox kommunal xidmətlərin tam ödənilməsi modelinə deyil, ünvanlı subsidiya və kompensasiya mexanizmlərinə üstünlük verdiyini göstərir.
Azərbaycanda da yaşlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə aşağı gəlirli pensiyaçılar üçün kommunal dəstək proqramlarının tətbiqi həm sosial, həm də fiskal baxımdan daha səmərəli yanaşma ola bilər”, – deyə o, qeyd edib.
Asif İbrahimov əlavə edib ki, neft gəlirlərinin sosial rifahın artırılmasına yönəldilməsi kontekstində pensiyaçıların kommunal xərclərinin müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması gələcək sosial siyasətin müzakirə oluna biləcək istiqamətlərindən biridir.
“Belə bir mexanizmin tətbiqindən əvvəl ehtiyacların dəqiq qiymətləndirilməsi, dövlət büdcəsinə düşəcək maliyyə yükünün hesablanması və dəstəyə ehtiyacı olan hədəf qrupların düzgün müəyyənləşdirilməsi vacib şərtlər sırasındadır. Məhz bu amillər nəzərə alınarsa, kommunal dəstək proqramları yaşlı insanların sosial rifahının yaxşılaşdırılmasına əhəmiyyətli töhfə verə bilər”.
Demokrat.az
5Mənbələr
-
millitv.netPensiyaçılar kommunal ödənişlərdən azad ediləcək? – VACİB AÇIQLAMA ( 29138482)
-
sportinfo.azAzərbaycanda pensiyaçılar kommunal ödənişlərdən azad ediləcək? ( 29118514)
-
demokrat.azPensiyaçılar kommunal ödənişlərdən azad ediləcək? ( 29059519)
-
konkret.azPensiyaçılar kommunal ödənişlərdən azad ediləcək? KONKRET ( 29058646)
-
konkret.azSON DƏQİQƏ: Pensiyaçılar kommunal ödənişlərdən azad ediləcək? – VACİB AÇIQLAMA ( 29058598)