Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək.


Rekord.az xəbər verir ki, həlledici görüşdə PSJ ilə "Arsenal" üz-üzə gələcək.


Matç Macarıstanın paytaxtı Budapeştdəki 67 min azarkeş tutumuna malik "Puşkaş Arena"da, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qarşılaşmanı almaniyalı FİFA referisi Daniel Zibert idarə edəcək.


PSJ tarixində 3-cü dəfə UEFA Çempionlar Liqasının finalında iştirak edəcək. 2020-ci ildə həlledici qarşılaşmada Almaniyanın "Bavariya" komandasına uduzan (0:1) Fransa təmsilçisi ötən mövsüm "İnter"i (İtaliya) 5:0 hesabı ilə məğlub edərək turnirin qalibi adını qazanıb.


Sonuncu dəfə 2006-cı ildə finala yüksəlmiş "Arsenal" isə bu titulu ilk dəfə qazanmaq üçün mübarizə aparacaq. Premyer Liqa təmsilçisi 20 il öncəki matçda "Barselona"ya (İspaniya) 1:2 hesabı ilə məğlub olmuşdu.


PSJ və Arsenal UEFA turnirlərində ümumilikdə 8-ci dəfə üz-üzə gələcəklər. Buna qədər baş tutan 7 matçda komandalar hərəyə 2 qələbə qazanıblar. Qalan 3 görüş isə heç-heçə ilə nəticələnib.


UEFA Çempionlar Liqası

Final

30 may


20:00. PSJ (Fransa) - "Arsenal" (İngiltərə)

Baş hakim: Daniel Zibert (Almaniya).