“Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın hesabına quşçuluq müəssisələrində ünvanlı yeni subsidiya mexanizmlərinin tətbiqi və digər əsaslı dəyişikliklərin həyata keçirilməsi daxili bazarda quş əti və yumurtanın ucuzlaşmasına, həmçinin ölkənin tezliklə quşçuluq məhsullarının böyük ixracatçısına çevrilməsinə şərait yaradacaq.
Bunu “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli yeni Dövlət Proqramının hədəflərini və rəhbərlik etdiyi sektorun gözləntilərini şərh edərkən bildirib.
O vurğulayıb ki, proqram quşçuluq müəssisələrində olduqca böyük dəyişikliklərə gətirib çıxaracaq: “Məsələn, hansısa müəssisənin istehsal gücünün artırılması zamanı təbii olaraq elektrik enerjisinə tələbat artır, əlavə enerji gücünə ehtiyac yaranır. Bu isə texniki şərt adlandırdığımız, fiziki qoşulma aktı kimi tanınan, “Azərişıq” ASC-nin verdiyi sənədi yeniləmək zərurəti yaradır. Həmin sənədlə bağlı xərclərin subsidiyalaşdırılması həm quş əti, həm də yumurtanın maya dəyərini azaldacaq. Deyərdim ki, 2030-cu ilə qədər gözləməyə ehtiyac yoxdur. Mövcud fabriklərimizin yenidən qurulması, müasir avadanlıqlarla təchiz olunması bizə imkan verir ki, yaxın 6 ay – 1 il ərzində quş əti üzrə özünütəminetmə səviyyəsini hazırkı 82 %-dən 100 %-ə, hətta ondan da yuxarı qaldıraq”.
Sədrin sözlərinə görə, hazırda Azərbaycan özünü yumurta ilə tam təmin edir: “Son beş ildə ölkəyə süfrə yumurtası idxal olunmayıb. Biz dünyada yumurtanın ən ucuz satıldığı 10 ölkə sırasındayıq. Son 10 ildə Azərbaycanda yumurtanın qiyməti elə də dəyişməyib. Ötən il quşçuluq müəssisələrində diri çəkidə 85,1 min ton (illik müqayisədə 3,4 % çox) quş əti, 1 milyard 193,3 milyon ədəd (3,9 % çox) yumurta istehsal olunub. Bu müəssisələr üzrə quşların ümumi sayı 12 milyon 580,2 min (4 % artıq) baş təşkil edib, hər yumurtlayan toyuqdan orta hesabla 246 ədəd (0,8 % az) yumurta əldə edilib. İl ərzində Azərbaycana 47 milyon 904,7 min ABŞ dolları dəyərində 28 min 564,5 ton quş əti və onun əlavə məhsulları gətirilb ki, bu da illik müqayisədə müvafiq olaraq 31,7 % və 31,6 % azdır”.
M.Həsənli yerli məhsullarının keyfiyyəti ilə bağlı ara-sıra səslənən fikirlərə də münasibət bildirib: “İstehlakçılar arasında yerli toyuqların keyfiyyəti, saxlanma şəraitinə dair mənfi fikirlər ola bilər. Bu, o toyuqlarla əlaqədar ola bilər ki, onları türklərin dediyi kimi – nərdivanaltı kəsimlərdə emal edirlər. Lakin həmin məhsullar marketlərdə satıla bilməz. Bunu Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlama zamanı aşkarlayır və onları dərhal satışdan çıxarır. Agentlik fabriklərdə də istehsala nəzarət edir. Toyuqların cücə mərhələsindən kəsim dövrünə qədər qidalanması, istifadə olunan yem qatqıları – hamısı nəzarət altındadır, kəsim mərhələsində də yoxlamadan keçərək satışa buraxılır”.