AZ

Putindən Paşinyana “ikinci Ukrayna” HƏDƏSİ – İrəvan QARIŞIR...

Rusiya prezidenti Vladimir Putin açıq şəkildə Ermənistanın “ikinci Ukrayna” olmaqla təhdid edib. Musavat.com bildirir ki, Kreml lideri Astanaya səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bu hədəni dilə gətirib. Onun sözlərinə görə, Ukraynadakı böhran hazırda Ermənistanda baş verənlərə bənzər bir vəziyyətlə başlayıb.

Astanada

Rusiya prezidenti xəbərdar edib ki, əgər Ermənistan Avropa İttifaqı standartlarını qəbul etməyə başlasa, obyektiv olaraq onunla inteqrasiyanı dayandırmaq lazım gələcək. O, Ermənistan iqtisadiyyatı üçün nəticələrin son dərəcə ağrılı ola biləcəyini bildirib. "Enerji qiymətlərinin artması ölkənin ÜDM-nin ən azı 14%-nin itirilməsinə səbəb ola bilər və Rusiyadakı Ermənistan vətəndaşları Aİİ daxilində mövcud güzəştlərini itirəcəklər", - Putin əlavə edib.

"Baş nazir Paşinyan özü Ermənistanın Avrasiya İqtisadi İttifaqına, yoxsa Aİ-yə qoşulması ilə bağlı referendum keçirmək istədiyini bildirib. Biz bu referendumun mümkün qədər tez baş tutmasını istəyirik", - Putin deyib.

Halbuki Rusiya lideri daha əvvəllər bəyanatlarında Ukraynaya qarşı hərbi əməliyyatların başlamasına səbəb kimi Kiyevin NATO-ya üzvlük niyyətini, alyansın Şərqə doğru genişlənmək planını göstərmişdi. Hətta Kreml lideri Ukraynanın Avropa İttifaqına üzvlüyünün əleyhinə olmadığını bildirmişdi. Ancaq bu açıqlaması Ukraynaya hücumun səbəbi kimi Kiyevin həm də Aİ-yə qoşulmaq istəyini təsdiqləyir. İndi də Moskva İrəvandan tələb edir ki, ölkə referenduma getsin və strateji seçimini müəyyən etsin. Üstəlik, Ermənistanın “ikinci Ukrayna” ola biləcəyinə işarə vurur. Putin “Ukraynadakı böhran hazırda Ermənistanda baş verənlərə bənzər bir vəziyyətlə başlayıb” deməklə bu ölkəyə də hərbi müdaxiləni istisna etməyib. Eyni zamanda, Rusiya lideri və eləcə də Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Ermənistanı referenduma getməyə tələsdirməsi də olduqca maraqlıdır.

Aİ

Seçkilərə lap az qalmış belə bir tələbin və çağırışın irəli sürülməsi göstərir ki, Paşinyan administrasiyası tam küncə sıxışdırılır. Halbuki oxşar referendum uzaq olmayan keçmişdə Moldovada baş tutub və kritik səs fərqi ilə də olsa, avrointeqrasiya tərəfdarları üstün olub. Rusiyanın Moldovadakı strateji məğlubiyyətinə baxmayaraq, görünür, Putin hakimiyyəti Ermənistanda referendum keçiriləcəyi halda fərqli nəticələr və mənzərə gözləyir. Hətta ermənilər Avroatlantik məkana inteqrasiya kursunu dəstəkləsə belə, Moskva kobud yollarla müdaxilə etməyi və Ermənistanı qarışdırmağı hədəfləyir.

Lakin indiki situasiyada ABŞ-nin və Aİ-nin Ermənistan hakimiyyətinə hərtərəfli dəstəyi göz qabağındadır: dövlət katibi Rubionun İrəvan səfəri, Ağ Ev rəhbəri Trampın seçkilərdə Paşinyanı dəstəklədiyini sosial media hesabında elan etməsi, bundan az əvvəl isə - mayın 4-də Avropa Siyasi Birliyinin Ermənistanda sammiti, bu zirvə çərçivəsində Fransa lideri Makronun da iqtidara dəstək nümayişi belə əsas verir ki, Rusiya son “akkord”larını vurur – AİB məsələsi, qazın qiyməti, idxal qadağası ilə sıxma-boğma...

Erməni

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Musavat.com-a deyib ki, bir həftə sonra Ermənistanda parlament seçkiləri günüdür və Rusiya qarşıdakı 7 gündə də Paşinyan hakimiyyətinə təzyiqləri gücləndirəcək. Onun sözlərinə görə, təxribat cəhdləri, revanşist, daşnak, separatçı və kilsə güclərinin səfərbər olunması, etirazların baş qaldırması istisna deyil. Bununla yanaşı, siyasi şərhçi hesab edir ki, Paşinyan favoritdir və partiyasının qələbə şansları yüksəkdir:

“Xüsusən də Rubionun gəlişi, ardınca Trampın açıq mesajı erməni cəmiyyətinin seçim etməsi üçün rəy formalaşdıra bilər. Rusiyadan təzyiqlər artdıqca erməni cəmiyyəti görür ki, Kremlin heç də xoş niyyəti yoxdur. Paşinyan isə xalqa Azərbaycanla sülh, Türkiyə ilə sərhədlərin açılması, Türkmənistan və Qazaxıstan qazı, Zəngəzur dəhlizi, Avropaya çıxış vəd edir. Bunun müqabilində rəqibləri və onlara himayədarlıq edən Rusiya nə təklif edir? Hər halda, erməni cəmiyyəti soyuq ağılla prosesləri təhlil edə bilir. Burada Rusiyanın hər hansı səmimi istəklərindən söhbət gedə bilməz. Ona görə də ilk dəfə olaraq erməni xalqı ya sülhə, ya da ona qaranlıq vəd edən Rusiyaya (onun namizədlərinə - E.S) səs vermək seçimi qarşısındadır”.

Siyasi şərhçinin fikrincə, Rusiya Ermənistanı təhdid edir: “Burada qazın qiyməti ilə bağlı şantaj xüsusi yer alır. Astanada keçirilən toplantı da sanki İrəvanı xəbərdarlıq etmək üçün təşkil olunmuşdu. Rusiya anlayır ki, keçmiş vassalını itirir və Ermənistanda Qərbin təsirləri güclənir. Paşinyan vəd edir ki, iki ilə Avropa İttifaqı ilə viza rejimi ləğv olunacaq. Buna görə də Moskva narahat və qəzəblidir ki, Ermənistan əldən çıxır. Necə ki, Gürcüstan, Moldova, Ukrayna bu imkanları qazanıb, Ermənistanı da eyni viza fürsəti gözləyir. Bu baxımdan, Kreml Ukrayna müharibəsini misal göstərməklə İrəvana hədə-qorxu gəlir. Çünki Gümrüdə hərbi bazası var və Ukrayna kimi Ermənistana da hücum edə biləcəyinə işarə vurur. Hər halda seçkilərdən sonra Paşinyanın Rusiya ilə bağlı siyasətindən çox şey asılı olacaq”.

Emil Salamoğlu
Musavat.com

 

Seçilən
3
1
musavat.com

2Mənbələr