Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) bu gündən etibarən Ermənistandan təzə pomidor, xiyar, bibər, yaşıl tərəvəz və çiyələk idxalını qadağan edib.
Musavat.com xidmətin saytında yerləşdirilən açıqlamaya istinadən xəbər verir ki, qərar Rusiyaya ixrac olunan Ermənistan meyvə-tərəvəz məhsullarında çoxsaylı pozuntularla əsaslandırılır. İddia olunur ki, mövcud vəziyyət Rusiyanın fitosanitar statusuna təhlükə yaradır.
Rosselxoznadzor-un iddiasına görə səlahiyyətli Ermənistan qurumu əvvəllər müəyyən edilmiş pozuntuların aradan qaldırılması üçün müvafiq tədbirlər görməyib.
Qeyd edək ki, Rosselxoznadzor 21-27 may 2026-cı il tarixlərində Ermənistan müəssisələrində yoxlama aparıb. Qurum iddia edir ki, yoxlama zamanı bir sıra pozuntular, xüsusən də istixana komplekslərində AİB üzv dövlətləri üçün karantin obyektlərinin olması aşkar edilib.
Xəbər verildiyi kimi, 22 maydan etibarən Ermənistandan Rusiyaya gül idxalına qadağa da qüvvədədir.
Rosselxoznadzor-un məlumatına görə, 2026-cı ilin əvvəlindən may ayının ortalarına qədər Ermənistandan Rusiyaya 16.300 ton meyvə-tərəvəz məhsulları göndərilib.
Musavat.com