AZ

Rumıniyada yaşayış binasına Rusiya PUA-sının düşməsi nəticəsində 2 nəfər yaralanıb

Rumıniyada yaşayış binasına Rusiya PUA-sının düşməsi nəticəsində 2 nəfər yaralanıb

Rumıniya Müdafiə Nazirliyi Rusiyanın Ukraynaya qarşı gecə hücumları zamanı bir Rusiya pilotsuz uçuş aparatının (PUA) Rumıniya hava məkanına daxil olaraq yaşayış binasına düşdüyünü, hadisə nəticəsində 2 nəfərin yaralandığını açıqlayıb.

AFN.az xəbər verir ki, nazirliyin yaydığı bəyanata əsasən, Rusiya ötən gecə Ukraynadakı mülki və infrastruktur obyektlərinə yönəlmiş hücumlarını yenidən başladıb.

Rumıniya hava məkanı yaxınlığında uçan PUA-ların radarlar tərəfindən təsbit edilməsindən sonra iki F-16 qırıcı təyyarəsi və bir helikopter havaya qalxaraq əməliyyata dəstək verib.

Qalati şəhərinin cənubuna qədər təqib edilən Rusiya istehsalı olan "Geran-2" tipli PUA yaşayış binasının damına düşüb.

Zərbənin təsirindən yaranan yanğında xəsarət alan 2 nəfər xəstəxanaya yerləşdirilib.

Rəsmilər PUA-nın bütün sursat yükünün zərbə anında partladığını bildiriblər.

Hazırda Rumıniya rəsmilərinin hadisə yerində araşdırmaları davam edir.

Rumıniya Müdafiə Nazirliyi Rusiyanın bu addımlarını məsuliyyətsizlik kimi qiymətləndirib və bunun Qara dəniz regionundakı sabitliyə, eləcə də regional təhlükəsizliyə yönəlmiş yeni bir təxribat olduğunu bəyan edib.

Nazirlik bu növ hadisələrin Rusiyanın beynəlxalq hüquq normalarına hörmət etmədiyini göstərdiyini, həmçinin təkcə Rumıniya vətəndaşlarının təhlükəsizliyini deyil, NATO-nun kollektiv təhlükəsizliyini də təhdid etdiyini qeyd edib.

Rumıniya Prezidenti Nikuşor Dan ABŞ-da mənzillənən "X" sosial media platformasındakı hesabında etdiyi paylaşımda baş verənləri Rusiya-Ukrayna müharibəsinin başlamasından bəri Rumıniya ərazisinə təsir edən ən ciddi hadisə adlandırıb və gün ərzində Ali Milli Müdafiə Şurasını iclasa çağıracaqlarını bildirib.

Dan paylaşımında NATO müttəfiqlərini və Avropa İttifaqı ölkələrini hadisə barədə məlumatlandırdıqlarını, ölkəyə əlavə müttəfiq anti-PUA sistemlərinin yerləşdirilməsi üçün rəsmi müraciət etdiklərini və məsələnin BMT Təhlükəsizlik Şurasına çıxarılacağını açıqlayıb.

Hadisənin görünməmiş xarakterinin milli, müttəfiqlik və beynəlxalq səviyyədə qətiyyətli, koordinasiyalı və ölçülü bir cavab tələb etdiyini qeyd edən Dan bu hadisəyə görə bütün məsuliyyətin Rusiya Federasiyasının üzərinə düşdüyünü vurğulayıb.

Prezident PUA-ya havada müdaxilə edilməməsi qərarının isə mülki əhalinin təhlükəsizliyini daha çox riskə atmadan onu məhv etməyə imkan verəcək şəraitin yaranmaması səbəbindən alındığını diqqətə çatdırıb.

Rumıniyanın Xarici İşlər naziri Oana Toiu da "X" hesabındakı paylaşımında Rusiyanın Buxarestdəki səfirinin məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə çağırıldığını bəyan edib.

Seçilən
48
afn.az

1Mənbələr