AZ

İçəndən nə qədər müddət sonra sükan arxasına keçmək olar

İçkili halda sükan arxasına əyləşmək üçün alkoqolun bədəndən tam təmizləndiyini göstərən dəqiq məişət əlaməti yoxdur. Psixiatr-narkoloq Marina Kalyujnaya bildirib ki, insanların alkoqolun təsirini azaltmaq üçün istifadə etdiyi üsulların çoxu əslində işə yaramır.

Mütəxəssis qeyd edir ki, sağlam insanın qaraciyəri saatda təxminən 0,1–0,15 promill alkoqol xaric edir. Bu prosesi nə tünd qəhvə, nə soyuq duş, nə də təmiz havada gəzinti sürətləndirə bilər. Qadınlarda isə etanolu parçalayan fermentlərin fəallığı daha aşağı olduğu üçün bu müddət daha da uzanır.

"Ən böyük yanlışlıqlardan biri insanın özünü yaxşı hiss etməsini əsas götürməsidir. Baş fırlanmırsa və nitq qaydasındadırsa, bu, hələ tam ayılma demək deyil. İnsan özünü gümrah hiss etsə də, qanda alkoqolun miqdarı yüksək qala bilər. Belə vəziyyətdə reaksiya sürəti və koordinasiya zəifləyir, bu da ağır qəzalara səbəb olur".

Narkoloq yuxunun ayılmağa kömək etməsi barədə mifə də toxunub. Yuxu alkoqolun çıxmasını sürətləndirmir, sadəcə həmin müddət ərzində bədən öz işini görür. Gecə çox miqdarda spirtli içki qəbul edən şəxs 6–7 saatlıq yuxudan sonra oyananda belə, qanında hələ də cərimə düşəcək qədər alkoqol qala bilər.

Yeganə etibarlı yoxlanış üsulu sertifikatlı alkotester cihazıdır. Əgər şübhə varsa, sükan arxasına əyləşmək təhlükəlidir.

İsmayıl
Demokrat.az
Seçilən
22
1
demokrat.az

2Mənbələr