Son dövrlərdə turizm sektorunda ən çox diqqətçəkən dəyişikliklərdən biri xidmətlərin təqdimat üsulunun dəyişməsidir.
Əvvəllər tur paketləri əsasən reklamlar, agentliklərin vebsaytları və klassik tanıtım vasitələri ilə təqdim olunurdusa, bu gün həmin funksiyanı daha çox “İnfluenserlər” (sosial media kanallarında insanların rəyinə, izləyicilərinin alış-veriş qərarlarına təsir edən şəxsə influenser deyilir) yerinə yetirir.
Tur şirkətləri getdikcə daha çox tanınmış “İnfluenserlər” vasitəsilə səyahət paketlərini cəmiyyətə çatdırır, real görüntü və şəxsi təəssürat formatında təqdim etməyə üstünlük verir. Bu yeni yanaşma “İnfluenser turizmi” anlayışını formalaşdırıb və artıq turizm marketinqinin ayrılmaz hissəsinə çevrilib. Lakin bu modelin təsiri ilə bağlı suallar da artır.
Sosial şəbəkələrdə idealizə olunmuş görüntülər real səyahət təcrübəsini nə dərəcədə əks etdirir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, turizm sahəsində sosial şəbəkə və blogerlər vasitəsilə aparılan tanıtımlar effektiv hesab olunur:

"Son illərdə turizmin tanıdılması üsulları dəyişib. Əvvəllər daha çox televiziya reklamları və klassik təqdimatlar üstünlük təşkil edirdisə, indi sosial media və blogerlər ön plana çıxır.
Bu gün insanlar hansısa ölkə və ya məkan haqqında məlumatı daha çox videolar, vloglar və sosial şəbəkələr üzərindən əldə edirlər. Turizm sahəsində xüsusilə blogerlərin və məşhur sosial media simalarının müxtəlif ölkələrə, şəhərlərə və turizm məkanlarına dəvət olunması artıq geniş istifadə edilən reklam üsuluna çevrilib".
Onun sözlərinə görə, bu yanaşmanın əsas üstünlüyü vizuallıq və inandırıcılıqdır:
"İnsanlar reklam mətnindən daha çox, real görüntülərə və şəxsi təcrübəyə maraq göstərirlər. Böyük auditoriyası olan bir blogerin hansısa məkanı gəzməsi, oradakı xidmətləri göstərməsi və öz təəssüratlarını paylaşması izləyicilərdə maraq yaradır.
Bu səbəbdən bir çox ölkələr və böyük şirkətlər turizmin tanıdılması üçün xüsusi büdcələr ayırır, blogerlərlə əməkdaşlığa üstünlük verirlər".
Ekspert qeyd edib ki, lakin məsələnin kommersiya tərəfi də var:
"Bəzən təqdim olunan görüntülər reallıqdan fərqli ola bilir. Daha çox diqqət toplamaq üçün bəzi məkanlar və ya xidmətlər həddindən artıq şişirdilmiş formada təqdim edilir.
Əgər bloger öz auditoriyasına reallıqdan uzaq görüntü göstərirsə, bu həm izləyicinin etimadını azalda, həm də onun nüfuzuna mənfi təsir edə bilər.
Məhz buna görə peşəkar və nüfuzunu qorumağa çalışan blogerlər turizm məkanlarını daha real şəkildə təqdim etməyə çalışırlar.
Onlar yalnız müsbət tərəfləri deyil, bəzən çatışmazlıqları da göstərirlər. Bu isə auditoriyada daha çox etibar yaradır.
Bugünkü reallıq onu göstərir ki, sosial media və blogerlər vasitəsilə aparılan turizm tanıtımı həm təsirli, həm də geri dönüşü olan üsuldur.
İnsanların seçimlərinə birbaşa təsir etdiyi üçün bu modeldən hazırda dünyada geniş şəkildə istifadə olunur".