Moderator.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Yeni texnologiyalar sayəsində Çin hakimiyyəti insanların davranışını əvvəlcədən proqnozlaşdırmağa və milyonlarla vətəndaş haqqında tam elektron dosye yaratmağa başlayıb...
Beynəlxalq araşdırmalara görə, Çin hakimiyyəti ölkədəki genişmiqyaslı müşahidə və nəzarət sistemini süni intellekt texnologiyaları ilə ciddi şəkildə yeniləyib.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
Çin nəzarət sistemini yeni səviyyəyə çıxardı
Məlumata əsasən, Pekin artıq küçə kameraları, maliyyə əməliyyatları, sosial şəbəkələr və rəqəmsal məlumat bazalarını vahid sistemdə birləşdirir. Kibertəhlükəsizlik üzrə çalışan və NetAskari təxəllüsü ilə tanınan araşdırmaçı təsadüfən Çin polisinin daxili nəzarət sisteminin demo-versiyasına çıxış əldə etdiyini bildirib.
Onun sözlərinə görə, sistemdə xarici jurnalistlərin pasport şəkilləri, telefon nömrələri, viza məlumatları və hərəkət marşrutları saxlanılırdı. Araşdırmaçı qeyd edib ki, Çin artıq sadəcə küçə kameraları ilə kifayətlənmir. Yeni sistem insanın hansı qatarda getdiyini, hansı oturacaqda əyləşdiyini, harada alış-veriş etdiyini və kimlərlə görüşdüyünü real vaxt rejimində izləyə bilir.

Süni intellekt davranışı əvvəlcədən təxmin edir
Məlumata görə, yenilənmiş sistem generativ süni intellektlə işləyir və yalnız müşahidə aparmır, həm də insanların gələcək davranışını proqnozlaşdırmağa çalışır. Alqoritmlər uzun illər ərzində toplanmış məlumatları - maliyyə əməliyyatlarını, sosial şəbəkə paylaşımlarını, əlaqələri və hətta üz ifadələrini analiz edir.
Bu məlumatlar əsasında sistem vətəndaşların "etibarlılıq indeksi"ni formalaşdırır və potensial təhlükə hesab edilən şəxsləri əvvəlcədən müəyyənləşdirir. Bildirilir ki, xüsusi diqqət müxalif fikirlərin, senzuranı aşmaq üçün istifadə olunan gizli ifadələrin, eyhamların və memlərin aşkarlanmasına yönəlib.
Yeni alqoritmlər Çin istifadəçilərinin dövlət senzurasından yayınmaq üçün istifadə etdiyi dolayı mesajları da müəyyən edə bilir. Qərb kibertəhlükəsizlik ekspertləri hesab edir ki, Pekin bununla XXI əsrin "rəqəmsal avtoritarizm" modelini formalaşdırır.
Xaricilər və jurnalistlər xüsusi nəzarətdədir
Araşdırmada qeyd olunur ki, Çin hakimiyyəti xüsusilə xarici jurnalistləri və Qərb ölkələrinin vətəndaşlarını ciddi nəzarətdə saxlayır. Sistem daxilində bəzi şəxslərə xüsusi "trackable" ("daimi monitorinq edilən obyekt" - red.) statusu verilir və onlar ölkə ərazisinə daxil olduqları andan avtomatik izlənməyə başlayırlar.
Məqalədə bildirilir ki, əvvəllər xarici jurnalistlər izlənmədən yayınmaq üçün müxtəlif üsullardan istifadə edə bilirdilər. Lakin indi süni intellekt əsaslı yeni sistem onların marşrutunu əvvəlcədən hesablaya və əlaqələrini müəyyən edə bilir.
Ekspertlərin fikrincə, Çin polisi artıq insanların telefon ödənişləri, bilet alışları və sosial media fəaliyyəti əsasında onların haraya gedəcəyini öncədən müəyyənləşdirə bilir. Əgər jurnalist müəyyən şəxslərlə əlaqə qurursa, hüquq-mühafizə orqanları həmin mənbələri əvvəlcədən təzyiq altında saxlaya bilər.
Hüquq müdafiə təşkilatları xəbərdarlıq edir ki, Çin bu "proqnozlaşdırıcı nəzarət" texnologiyalarını digər avtoritar ölkələrə də ixrac edir. Onların fikrincə, bu proses qlobal məxfilik və insan hüquqları standartları üçün ciddi təhlükəyə çevrilə bilər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.