AZ

İstanbulun fəthindən 573 il ötür

Bu gün dünya hərb tarixinin ən böyük komandanlarında biri, Osmanlı sultanı II Mehmet tərəfindən Şərqi Roma imperiyasının paytaxtı Konstantinopolun fəth edilməsindən 573 il ötür.
 
Moderator.az AZƏRTAC-a istinadla bu tarixi fəthin tarixçəsinə qısa nəzər salır.
 
1453-cü il aprelin 6-dan mayın 29-dək davam edən, gəmilərin quru yol ilə şəhərə daxil olması ilə dünya hərb tarixinə düşən bu fəth dünya tarixinin axarını dəyişərək yeni dövrə yön verib. İstanbulda ilk məskunlaşma səkkiz min il əvvələ təsadüf edir. Bu, şəhərin Yenikapı bölgəsində aparılan qazıntılar nəticəsində ortaya çıxıb. Tarixi Neolit dövrünə qədər uzanan İstanbul eramızın IV əsrində Roma imperatoru Böyük Konstantin tərəfindən Şərqi Roma imperatorluğunun paytaxtı seçilib. Altı il ərzində şəhərin divarları genişləndirilib, məbədlər, rəsmi binalar, saraylar, ippodromlar və digər tikililər inşa edilib.
 
Dünyada ən böyük mühasirə və müdafiələrə şahid olan İstanbulu 1453-cü ildən əvvəl müxtəlif tayfalar və sivilizasiyalar dəfələrlə fəth etməyə çalışıblar. Dünyanın mərkəzi hesab edilən bu tarixi şəhər 1453-cü ildə Bizans imperiyasının paytaxtı ikən aprelin 6-dan mayın 29-dək davam edən mühasirə nəticəsində fəth edilib. Fateh Sultan Mehmet tərəfindən həyata keçirilən bu fəth Osmanlı imperiyasının yaranmasına, Bizans imperiyasının isə tarix səhnəsindən silinməsinə səbəb olub. İstanbul fəth edildikdən sonra bölgədəki dinc əhali tamamilə sərbəst buraxılıb ki, bu da sultanın əhali arasında nüfuzunu artırıb.
 
Şəhərin İstanbul adlandırılması ilə bağlı fərqli versiyalar mövcuddur. Bəzi mənbələrə görə, 1453-cü ildən əvvəl də bizanslılar şəhərə İstimboli, türklər isə Stanbol deyirdi. Bosfor boğazı isə bizanslılar arasında Hellaspont, türklər arasında isə Boğaz olaraq adlandırılırdı. Osmanlı hökmdarları şəhər üçün ad seçməyərək, sadəcə, “İslam şəhəri” mənasını bildirən “İslambol” adını qəbul ediblər. Türkiyə Respublikası qurulduqdan sonra isə şəhər rəsmi olaraq İstanbul adlandırılıb.
 
Türkiyə Statistika Komitəsi tərəfindən aparılan son hesablamalara görə, 2025-ci ildə şəhərin əhali sayı 15 milyon 754 min 53 nəfər təşkil edib.
 
Qeyd edək ki, 29 may tarixi hər il İstanbulda müxtəlif tədbirlərlə böyük coşqu ilə qarşılanır. Şəhərdə müxtəlif tədbirlər, konsert proqramları, yarışlar və digər tədbirlər təşkil olunur. İstanbulun fəthinin ildönümü münasibətilə bu il şəhərin Beyazıt meydanından Ayasofya Muzeyinə doğru yürüş keçirilib. Tədbirlərin davamı olaraq Bosfor boğazında xüsusi bəzədilmiş 150 qayığın keçidi olacaq, xüsusi konsert proqramı təşkil ediləcək. Bu il fəthin ildönümü münasibətilə ilk dəfə olaraq dron nümayişi baş tutacaq.
Seçilən
18
13
moderator.az

10Mənbələr