AZ

Paşinyan separatçıların "oksigenini" KƏSİR - Kremlə qarşı daha bir DEMARŞ

Bu günlərdə Ermənistan məhkəməsi separatçıların İrəvanda toplaşdığı yeganə binanı faktiki müsadirə etmək barədə qərar çıxarıb. Dünən isə Baş nazir Nikol Paşinyan seçicilərlə görüşdə bəyan edib ki, ölkədəki yalançı “Qarabağ elitası”nın bütün təmsilçilərinin mülkiyyətləri, o cümlədən vaxtilə onlara hədiyyə edilən mənzillər əllərindən alınacaq.

Paşinyan artıq bu yöndə hərəkətə keçib. Belə ki, vəkil Roman Yeritsyanın dediyinə görə, Qarabağdakı keçmiş xunta rejiminin “yüksək rütbəli hərbçiləri” onlara Ermənistanda dövlət tərəfindən bağışlanmış mənzilləri boşaltmaq barədə bildirişlər alıblar.

Məlum olub ki, söhbət yüzlərlə “hərbçi”dən, daha doğrusu, Azərbaycana qarşı vuruşmuş silahı quldur-banditdən gedir. Aralarında mifik “artsax müdafiə ordusu”nun uydurma komandanı Mikael Arzumanyan da var. Hansı ki, indi Bakıda cinayət ortaqları ilə birgə türmədə cəza çəkməli idi...

Bu qeyri-ordinar addımlar sözsüz ki, Nikol Paşinyanın ötən il elan etdiyi kursa və “Real Ermənistan” narrativinə tamamən uyğundur. Baş nazir dəfələrlə bildirib ki, “Qarabağ hərəkatı”nın davam etdirilməsi Ermənistanın milli təhlükəsizliyinə burbaşa təhdid, qonşu Azərbaycan və Türkiyə ilə barışıq prosesinə ciddi əngəldir.

Son mesaj, əslində, Bakı və Ankara ilə yanaşı, həm də Moskvaya ünvanlıdır. Nədən ki, separatçı-revanşist ünsürlər həmişə Rusiyaya sadiq qüvvələr olub və indi də yeganə ümidləri Kremlədir.

 kremldə gərgin görüş - putin paşinyana nə mesaj verdi?

Təsadüfi deyil ki, Moskvada Nikol Paşinyanla sonuncu görüş zamanı prezident Vladimir Putin artıq vurulmuş “Qarabağ kartı” ilə təzədən oynamağa çalışmış, lakin Nikol imkan verməmişdi...

Bunu da yada salmağa zərurət var ki, 44 günlük müharibədən sonra, antiterror əməliyyatından isə az əvvəl Qarabağdakı oyuncaq qurum absurdcasına rus dilini “ikinci dövlət dili” elan etmişdi. Moskva həmçinin, oradakı separatçı əhaliyə Rusiya pasportları paylamağa hazırlaşırdı. Yəni bir növ, Donbas variantı. Müzəffər ordumuz bütün bu məkrli planları tarixin zibilliyinə göndərdi.

Rusiya az qala, dünənədək Ermənistandakı köçkün əhaliyə humanitar yardım gondərməkdə də eyni məqsədi güdürdü: “Qarabağ mövzusu”nu unudulmağa, həmişəlik qapanmağa qoymamaq, yeri gələndə isə əlbəttə ki, körükləmək. Paşinyan bunu da vaxtında anladı və rusun “minnətli” yardımından imtina etdi. Çünki bu siyasət Ermənistanın hazırkı hakimiyyətini də hədəf almışdı (İki gün öncə məlum oldu ki, rəsmi İrəvan hətta 7 iyun seçkilərini izləyəcək rusiyalı müşahidəçilərə də ehtiyac duymayıb)...

Ancaq separatçıların mənzillərinin və mənzil qərargahlarının əllərindən alınması nə qədər təqdiredici olsa da, əsas problem aşağı-yuxarı yerində qalır. Bu da “miatsum” virusunun hələ də erməni ictimai şüurunda qalmasıdır. Aydındır ki, bu ”xroniki xəstəliklə” qonşularla barışıq, onlarla sülh və əmin-amanlıq içində yaşam mümkünsüz.

Nikol və komandasının bu son dərəcə təhlükəli, ilk növbədə də erməni toplumuna yeni faciə-residivlər vəd edən “mərəzin” axırına çıxmağa gücü və zamanı çatacaqmı? Əsas sual budur. Ona ilk cavabı iyunun 7-də alacağıq...

Analitik xidmət,
Musavat.com

Seçilən
0
50
musavat.com

10Mənbələr