Rusiya hakimiyyəti Ermənistanda keçiriləcək parlament seçkilərinə müdaxilə etmək və hazırkı Baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün gizli plan hazırlayıb.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentlik yazır ki, Kreml Rusiyada yaşayan 100 min Ermənistan vətəndaşını mütəşəkkil şəkildə vətənlərinə göndərərək müxalifətə səs verdirməyi hədəfləyir. Məlumata görə, son aylarda Rusiya rəsmiləri arasında Rusiyada məskunlaşan və səsvermə hüququ olan ermənilərin Nikol Paşinyanın rəqiblərini dəstəkləməsi üçün İrəvana daşınması planı ciddi şəkildə müzakirə edilib.
Agentliyin mənbələri iddia edir ki, rəsmi Moskva bu nəhəng loqistika əməliyyatının, yəni 100 min seçicinin Ermənistana daşınmasının ümumi xərcini təxminən 50 milyon dollar dəyərində qiymətləndirib. May ayının ortalarına olan məlumata görə, Kreml artıq Rusiya regionları arasında xüsusi kvotaları, yəni hər bir vilayət və respublikadan neçə nəfər erməninin göndəriləcəyini bölüşdürüb. Hətta yerli qubernatorlardan və hakimiyyət orqanlarından bu istiqamətdə görülən hazırlıqlar barədə Kremal hesabat vermələri tələb olunub.
Nəşr hələlik həmin gizli planın tam miqyasda həyata keçirilib-keçirilmədiyini, həmçinin sözügedən 100 min seçicinin seçkilərin yekun nəticəsinə və namizədlər arasındakı səs fərqinə həlledici təsir göstərib-göstərməyəcəyini dəqiq müəyyən edə bilməyib.
Qeyd edək ki, iyunun 7-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək və sözügedən səsvermə Paşinyan hakimiyyətinin taleyini həll edəcək.