AZ

Daxili İşlər Nazirliyindən skuter və velosiped sürücülərinə çağırış niyə vacibdir?

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son illər Bakının küçələrində yeni bir mənzərə yaranıb. Bir tərəfdən velosiped və skuterlər şəhər həyatının ayrılmaz hissəsinə çevrilir, digər tərəfdən isə piyadalar, sürücülər və hətta həmin vasitələrdən istifadə edənlərin özləri arasında yeni risklər meydana çıxır.

Etiraf etməliyik ki, bir çoxumuz bu dəyişikliklərə hələ tam uyğunlaşa bilməmişik.

Demək olar ki, hər gün şəhərin müxtəlif yerlərində eyni halların şahidi oluruq: qırmızı işıqda yolu keçən skuter sürücüsü, piyada keçidindən yüksək sürətlə keçən velosipedçi, hərəkətin əks istiqamətinə çıxan gənc və ya səki ilə hərəkət edərək piyadalar üçün təhlükə yaradan şəxslər.

Əlbəttə, bunların hər biri ilk baxışdan kiçik pozuntu kimi görünə bilər. Amma yol hərəkəti təhlükəsizliyi sahəsində illərlə formalaşmış bir həqiqət var: böyük faciələrin əksəriyyəti məhz “kiçik qayda pozuntularından” başlayır.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin velosiped və skuter istifadəçilərinə son müraciətini də məhz bu kontekstdə dəyərləndirmək lazımdır.Çağırış hansısa qrup insanı məhdudlaşdırmaq məqsədi daşımır. Əksinə, məqsəd həm onların öz həyatını, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini qorumaqdır.Mən son dövrlər vətəndaşlarla görüşlərdə və sosial şəbəkələrdə bu məsələ ilə bağlı çoxsaylı narahatlıqlarla qarşılaşıram. Xüsusilə yaşlı insanlar, valideynlər və piyadalar bəzi hallarda səkilərdə və keçidlərdə özlərini təhlükəsiz hiss etmədiklərini bildirirlər.Bu narahatlıqları görməzlikdən gəlmək olmaz.Eyni zamanda, velosiped və skuter istifadəçilərinin də mövqeyini başa düşmək lazımdır. Onlar daha rahat, daha sürətli və ekoloji baxımdan daha faydalı nəqliyyat vasitələrindən istifadə etməyə çalışırlar. Müasir şəhər də məhz bunu təşviq etməlidir.

Lakin azadlıqla məsuliyyət həmişə yanaşı addımlamalıdır.Şəhər hamımızındır.Bu şəhərdə sürücünün də haqqı var, piyadanın da, velosipedçinin də, skuter istifadəçisinin də. Hüququn və dövlətin vəzifəsi həmin hüquqlar arasında balans yaratmaqdır.DİN-in müraciətinin mahiyyəti də məhz bundan ibarətdir

Mən hesab edirəm ki, qarşıdakı dövrdə bu sahədə üç istiqamət xüsusi diqqətdə saxlanılmalıdır.

Birincisi, maarifləndirmə. Xüsusilə gənclər arasında yol hərəkəti mədəniyyətinin formalaşdırılması vacibdir.

İkincisi, şəhər infrastrukturu. Təhlükəsiz velosiped zolaqları və hərəkət marşrutları nə qədər çox olarsa, risklər də bir o qədər azalar.

Üçüncüsü isə qarşılıqlı hörmət mədəniyyətidir. Heç bir qanun insanın daxilindəki məsuliyyət hissini əvəz edə bilməz.

Bu gün dünyanın inkişaf etmiş şəhərləri mikromobillik dövrünü yaşayır. Azərbaycan da həmin prosesin içərisindədir. Biz bu yeni mərhələyə yalnız yeni texnologiyalarla deyil, həm də yeni davranış mədəniyyəti ilə daxil olmalıyıq.Çünki təhlükəsiz şəhər ilk növbədə qaydalardan deyil, həmin qaydalara hörmət edən insanlardan başlayır.

Əliməmməd Nuriyev

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
50
icma.az

10Mənbələr