Ermənistan silahlı qüvvələrinin mayın 28-də İrəvanın mərkəzindəki Respublika meydanında keçirilən hərbi paradda nümayiş etdirdiyi müasir silahlar Nikol Paşinyan hakimiyyətinin Azərbaycanla sülh prosesinə sadiqliyinə şübhələr yaradıb.
2025-ci ilin avqust ayında Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh müqaviəsinin paraflanmasından sonra tərəflər artıq münaqişə dövrünün bitdiyini bəyan edib.
Lakin sözügedən parad Ermənistanın son illər fəal şəkildə həyata keçirdiyi silahlanma siyasətindən imtina etmədiyini göstərir. Bu da Ermənistanın Azərbaycana qarşı güc nümayişi və “postsülh” dövrünə hazırlaşması kimi şərh olunur.
Nikol Paşinyanın sülh müqaviləsini imzalayacağı, Azərbaycanla kommunikasiyaların açılması və münasibətlərin bərpasına çalışdığı ehtimalı çox yüksəkdir. Lakin bu, təhlükənin birmənalı şəkildə arxada qaldığı anlamına gəlmir.
Çünki iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının qalib gəlmək şansı çox yüksəkdir. 2026-cı ilin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağı gözlənilir.
Buna baxmayaraq, Nikol Paşinyan hakimiyyətdə qalması Azərbaycana qarşı ərazi iddiaları ilə çıxş edən və müharibə tərəfdarları olan radikal qüvvələrin siyasi səhnədən silinməsi demək deyil.
Azərbaycana və Türkiyəyə qarşı nifrət və torpaq iddiasının Ermənistan cəmiyyətinin siyasi-ideoloji təməl prinsiplərindən birini təşkil etdiyindən bu düşüncə tərzi sərt mühafizəkar müxalifətin qalmasını təmin edəcək.
Paşinyandan sonrakı mərhələdə həmin qüvvələrin hakimiyyətə gəlişi Azərbaycana qarşı daha təhlükəli və dağıdıcı müharibənin başlanması ilə nəticələnə bilər. Hazırda bu kursun daşıyıcıları olan Robert Köçəryan, Samvel Karapetyan kimi siyasətçilər seçkilərdə qalib gələcəkləri təqdirdə, Azərbaycanla sülh müqaviləsindən imtina edəcəklərini açıq bəyan edirlər.
Qeyd edilən konyukturda Ermənistan hakimiyyətinin sülh prosesi ilə paralel silahlanma yarışına girməsi perspektivdə bölgədə yeni formalaşmaqda olan regional sabitliyin məhvinə gətirib çıxara bilər.
Eyni zamanda, Ermənistanın Konstitusiyası və qanunvericiliyi terrorçu və yarımhərbi təşkilatların siyasi fəaliyyətlə məşğul olmasını qadağan etmir. Ona görə də “Yerkpara”, Daşnaksütyun, “Sasna-Trer” terror təşkilatının bazasında yaradılmış Mlilli Demokratik Düşərgə partiyası kimi təşkilatların istənilən dövrdə hakimiyyəti ələ keçirməsi Azərbaycanla münaqişənin bərpası üçün potensial təhlükə mənbəyi olaraq qalır.
Bu baxımdan, Ermənistanın gücləndirilən silah arsenalı terrorçu qruplaşmaların və təşkilatların əlinə düşməsi daha faciəvi nəticələrin baş verməsi deməkdir.
Ermənistanla Azərbaycan arasında sülhün pozulması və münaqişənin bərpası Cənubi Qafqazda sabitliyi özünün geosiyasi maraqlarına maneə hesab edən Rusiya, İran, Fransa kimi dövlətlər üçün daha əlverişlidir.
İrəvanda keçirilən hərbi paradda İran istehsalı olan “AD-08 Majid” qısamənzilli hava hücumundan müdafiə sisteminin nümayiş etdirilməsi də məhz bu kontekstdə nəzərdən keçirlməlidir. Çünki sülhün bərqərar olması və Ermənistanla regional kommunikasiyaların açılması Azərbaycanın daha da güclənməsi deməkdir. Bu isə İranı qane etmir.
Ona görə də İranın Ermənistana ağır silahlar satması bölgədə qarşıdurma yaratmaq məqsədi daşıyır. Əslində, İran rəsmiləri Ermənistana silah satmadıqlarını dəfələrlə bəyan etsələr də “Majid” sistemlərinin parada çıxarılması bu deyilənlərin yalan olduğunu və Azərbaycana qarşı birgə hərbi əməkdaşlığın qurulduğunu göstərir.
Eks-prezident Robert Köçəryan Ermənistanın təhlükəsizlik arxitekturasının Rusiya və İranla birlikdə olduğunu və hakimiyyətə gələrsə, məhz bu əməkdaşlıq formatına üstünlük verəcəyini deyir. Bu isə Azərbaycana qarşı Rusiya, İran və güclü silahlandırılmış Ermənistandan ibarət bir alyansın yaradılması planından xəbər verir.
Rəsmi Tehranın digər niyyəti münaqişəyə rəvac verməklə Zəngəzur dəhlizinin açılmasının qarşısını almaqdır. Bu mənada, TRIPP layihəsinə investisiya qoyan ABŞ Ermənistanın ikili oyununa biganə qalmamalıdır. Yəni ABŞ Ermənistana İrandan silah idxalını dayandırmaq barədə xəbərdarlıq etməlidir.
Ümumiyyətlə, Zəngəzur dəhlizinin açılmasında maraqlı olan bütün tərəflər Ermənistanın silahlanmasına həssas yanaşmalıdır. İrəvanda keçirilən hərbi paradda Çin istehsalı olan CH-4 “Rainbow” (Göy qurşağı) hücum və kəşfiyyat tipli pilotsuz uçuş aparatlarının ilk dəfə nümayiş etdirilməsi sülh prosesinə təhdid yaratmaqla yanaşı, Pekinin “Orta dəhliz”ə dəstək strategiyasına ziddir.
Çin kimi iqtisadi supergüclər Cənubi Qafqaz siyasətini müəyyənləşdirən zaman Avropa ilə ticarət əlaqələrinin qurulacağı nəqliyyat-ticarət marşrutlarının reallaşmasında daha çox maraqlı olmalıdır.
Yəni Çin üçün sülh şəraitində logistika şəbəkəsinin bərpası ümumi dəyəri 2 milyon dollar təşkil edən CH-4 “Rainbow” pilotsuz uçuş aparatlarının satışından daha çox mənfəət gətirir.