AZ

Xərçəngdən ölüm riskini azaltmağın yolları açıqlanıb

Nyukasl Universitetinin alimləri müəyyən ediblər ki, sağlam həyat tərzinə aid beş sadə qaydaya əməl etmək, hətta onkoloji diaqnoz qoyulduqdan sonra belə ölüm riskini azalda bilər.

BAKU.WS xəbər verir ki, araşdırmanın nəticələri Cancer jurnalında dərc olunub.

Tədqiqatçılar sonradan xərçəng diaqnozu qoyulmuş 28 550 nəfərin məlumatlarını təhlil ediblər. Araşdırma zamanı beş əsas amil nəzərə alınıb: normal çəkinin qorunması, müntəzəm fiziki aktivlik, kifayət qədər tərəvəz, meyvə və tam taxıl məhsullarının qəbulu, qırmızı və emal olunmuş ətin məhdudlaşdırılması, həmçinin alkoqolun normada istifadəsi.

Məlum olub ki, sağlam həyat tərzi ilə bağlı tövsiyələrin hər əlavə bəndinə əməl etmək ölüm riskini 8 faiz azaldır. Sağlam vərdişlərə ən çox riayət edən şəxslərdə ölüm riski, bu qaydalara ən az əməl edənlərlə müqayisədə 16 faiz daha aşağı olub.

Alimlərin sözlərinə görə, müsbət təsir siqaret çəkib-çəkməməsindən asılı olmayaraq müşahidə edilib və süd vəzi, eləcə də qaraciyər xərçəngi daxil olmaqla müxtəlif xərçəng növlərində özünü göstərib.

Mütəxəssislər hesab edirlər ki, sağlam vərdişlər yalnız xərçəngin profilaktikası üçün deyil, diaqnoz qoyulduqdan sonra xəstəliyin daha əlverişli keçməsinə də kömək edə bilər.

Seçilən
14
28
far.az

10Mənbələr