AZ

Ekspertlər Xəzər və Aral dənizlərinin taleyi haqqında: Heç bir ölkə bu problemi təkbaşına həll etməyəcək VİDEO

Astana, 29 may, AZƏRTAC

Mayın 25-dən 28-dək Düşənbədə 2018–2028-ci illər üçün “Davamlı inkişaf naminə su” Beynəlxalq Fəaliyyət Onilliyi üzrə Dördüncü Beynəlxalq Yüksək Səviyyəli Konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Tacikistan hökuməti tərəfindən BMT və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində keçirilən tədbir əsas qlobal mövzulardan birini - su təhlükəsizliyi və davamlı inkişaf mövzusunu müzakirə etmək üçün platformaya çevrilib.

Konfransın əsas məqsədi BMT Su Konfransının Su Fəaliyyəti Gündəliyində qeyd olunmuş könüllü öhdəliklərin həyata keçirilməsi üzrə kollektiv səyləri aktivləşdirmək, yeni tərəfdaşlıqları stimullaşdırmaq və 2030-cu ilə qədər Davamlı İnkişaf Gündəliyinin məqsədlərinə nail olmağı sürətləndirməkdir.

Beynəlxalq Mədəni Diplomatiya İnstitutunun (BƏƏ) sədri Məhəmməd Kamil Əl-Muaini AZƏRTAC-a verdiyi şərhdə qeyd edib ki, ölkələr əməkdaşlıq etməli və mövcud su ehtiyatlarını qorumalıdırlar.

“Suya münasibətlə bağlı mədəniyyəti də dəyişdirmək vacibdir, çünki çirklənmə çox vaxt insan davranışı və kök salmış vərdişlərlə əlaqəlidir. Buna insanların suyun və onun həyati əhəmiyyətini dərk etmələri üçün maarifləndirmə, təhsil və izah yolu ilə nail olmaq olar. Təmiz su olmadan kənd təsərrüfatını inkişaf etdirmək, heyvanları təmin etmək və ya davamlı inkişafı dəstəkləmək mümkün deyil. Buna görə də, təmiz suyun qorunması bütün ölkələrin və cəmiyyətlərin ortaq məsuliyyəti olmalıdır”, - deyə o bildirib.

Xəzər və Aral dənizlərinin dayazlaşması problemi regionda aktual ekoloji problem olaraq qalır. Ekspertlər qeyd edirlər ki, bu problemin həlli tək bir ölkə səyləri ilə mümkün deyil, çünki dənizlərin səviyyəsi birbaşa onlara axan çayların su səviyyəsindən asılıdır.

Mütəxəssislərin fikrincə, koordinasiyalı fəaliyyət və su ehtiyatlarının idarə olunmasına hərtərəfli yanaşma zəruridir.

Astanada fəaliyyət göstərən Beynəlxalq Aral Dənizinin Xilas Edilməsi Fondunun İcraiyyə Komitəsinin sədr müavini Serik Bekmaqanbetov bildirib ki, Aral və Xəzər dənizlərinin problemləri bir qədər oxşardır.

“Qazaxıstan üçün hər iki su hövzəsi bitişik ərazilərdir və biz bu problemlərin ildən-ilə yığıldığını görürük. Səbəblərdən biri də bu böyük su hövzələrini qidalandıran çayların suyunun azalmasıdır. Heç bir ölkə bu problemi təkbaşına həll edə bilmir – burada kollektiv səylər lazımdır”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, vəziyyəti yalnız nəzəri tədbirlərlə dəyişdirmək mümkün deyil.

“Aral dənizinə gəldikdə, Amudərya və Sırdərya hövzələrində kənd təsərrüfatında su istehlakını azaltmaq lazımdır. Bunun üçün damcı suvarma və suvarma üçün su istehlakını əhəmiyyətli dərəcədə azalda biləcək digər üsullar da daxil olmaqla yeni texnologiyalar tələb olunur. O zaman su anbarlarına daha çox su çatacaq. Xəzər dənizi problemi də öz növbəsində Volqa, Ural və digər çaylarla bağlıdır”, - deyə S.Bekmaqanbetov əlavə edib.

Brüssel Enerji Klubunun nümayəndəsi Marat Terterov AZƏRTAC-a verdiyi şərhdə qeyd edib ki, Xəzər dənizinin dayazlaşması, Aral dənizinin vəziyyəti və regionun su ehtiyatları problemləri əsasən iqlim dəyişikliyinin nəticələri ilə bağlıdır.

“Xəzər dənizinin dayazlaşması probleminin həll yollarından biri iqlim dəyişikliyi ilə mübarizə, o cümlədən CO2 emissiyalarının azaldılmasıdır. Xəzər və Aral dənizləri də daxil olmaqla, regionun su ehtiyatları artıq iqlim dəyişikliyinin təsirlərini yaşayır. Bu işin vacib bir istiqaməti bərpaolunan enerjinin inkişafı - günəş və külək enerjisindən daha aktiv istifadə ola bilər. Xəzər dənizi külək enerjisi sahəsində əhəmiyyətli potensiala malikdir”, - deyə o bildirib.

Su Gündəliyi beynəlxalq əməkdaşlığın əsas istiqaməti olaraq qalır. Düşənbə konfransı fikir mübadiləsi, yeni yanaşmaların hazırlanması və davamlı inkişaf naminə tərəfdaşlığın gücləndirilməsi üçün platformaya çevrilib.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Seçilən
40
31
azertag.az

10Mənbələr