AZ

 Moskva ilə Kiyev arasında sülh gətirəcək ən real vasitəçi məhz ABŞ dir Politoloq

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lakin Vaşinqtonun hazırkı mövqeyi ədalətli və balanslı sülhə deyil, daha çox Rusiyanın işğal etdiyi ərazilərin legitimləşdirilməsinə xidmət edir

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ukrayna ilə bağlı ABŞ-Rusiya sülh təşəbbüsünün ləngidiyini bildirib.

Onun sözlərinə görə, buna əsas səbəb Kiyev hakimiyyətinin sülh üçün siyasi iradə göstərməməsi və gərginliyi davam etdirmək istəməsidir: “Ukrayna ilə bağlı Rusiya-Amerika sülh təşəbbüsü əsasən Kiyev rejiminin sülh üçün siyasi iradəsinin olmaması və daim gərginləşmə istəyi səbəbindən "dayandırılır”. 

Politoloq Abutalıb Səmədov Sherg.az-a açıqlamasında Rusiya-Ukrayna sülh danışıqlarının dalana dirənməsinin əsas səbəbinin Moskvanın cəbhədə əldə etdiyi hərbi uğurları diplomatik müstəvidə rəsmiləşdirmək istəyindən qaynaqlandığını bildirib. Onun sözlərinə görə, Rusiya Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın mövqeyində müşahidə olunan dəyişiklikdən istifadə edərək nəzarətə götürdüyü ərazilərin statusunu müqavilə yolu ilə legitimləşdirməyə çalışır. Lakin bu yanaşma Ukrayna tərəfindən qəbul edilmədiyi üçün danışıqlar prosesi çıxılmaz vəziyyətə düşüb.

Politoloq həmçinin qeyd edib ki, prosesin ləngiməsinə təsir edən yeganə amil bu deyil: “ABŞ-ın danışıqlardakı fəallığının azalması və vasitəçilik rolundan qismən geri çəkilməsi Yaxın Şərqdə, xüsusilə İranla bağlı yaranmış gərginliklə əlaqəlidir. Bölgədə vəziyyət kifayət qədər mürəkkəb olaraq qalır və Vaşinqton hələ də istədiyi nəticəni əldə edə bilməyib. İranın sərt və barışmaz mövqeyi tərəflər arasında ortaq məxrəcə gəlməyi çətinləşdirir. ABŞ bir tərəfdən müharibədən çıxmağa çalışsa da, digər tərəfdən bu prosesi daxili auditoriyaya siyasi uğur və qələbə kimi təqdim etmək niyyətindədir”.

A. Səmədov bildirib ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində indiyədək Türkiyə və Çinin vasitəçilik təşəbbüsləri olsa da, tərəfləri ortaq məxrəcə gətirmək mümkün olmayıb. Onun sözlərinə görə, Çinin Rusiyaya müəyyən təsir imkanları olsa da, Pekinin Ukrayna üzərində ciddi təsir rıçaqları yoxdur: “ABŞ isə hər iki tərəfə təsir imkanlarını qoruyub saxlayan yeganə böyük güc olaraq qalır. Bu baxımdan Moskva ilə Kiyev arasında mümkün sülh razılaşmasına nail ola biləcək ən real vasitəçi məhz ABŞ-dir. Lakin Vaşinqtonun hazırkı mövqeyi ədalətli və balanslı sülhə deyil, daha çox Rusiyanın işğal etdiyi ərazilərin legitimləşdirilməsinə xidmət edir. İrəli sürülən əsas tələblərdən biri Ukraynanın Donbasdakı mövqelərindən geri çəkilməsi və Rusiyanın digər şərtlərini qəbul etməsidir ki, bu da Kiyev üçün qəbuledilməz sayılır”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
12
sherg.az

10Mənbələr