AZ

Prezidentin "Şöhrət" ordeni verdiyi Asəf Hacıyev kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Asəf Hacıyevi "Şöhrət" ordeni ilə təltif edib.

Publika.az Asəf Hacıyevin dosyesini təqdim edir:

Asəf Hacıyev 1951-ci il mayın 29-da Gəncə şəhərində anadan olub. Elmə olan böyük marağı onu SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarından birinə aparıb. O, 1973-cü ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini uğurla bitirib. Elmi fəaliyyətini davam etdirərək, 1979-cu ildə eləcə də MDU-da namizədlik dissertasiyasını müdafiə edib riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Alim 1993-cü ildə isə N. Bauman adına Moskva Dövlət Texniki Universitetində elmlər doktoru dissertasiyasını uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsinə yüksəlib. Fizika-riyaziyyat elmləri doktoru, professor olan Asəf Hacıyev 2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, yəni akademikidir.

Akademik Asəf Hacıyev təkcə Azərbaycanda deyil, dünya elmi elitasında tanınan və qəbul edilən simalardandır. O, aparıcı beynəlxalq nəşriyyatlarda çap olunmuş 4 kitabın və 150-dən çox elmi məqalənin müəllifidir. Eyni zamanda, elmi dünyasında böyük nüfuza malik "Springer" nəşriyyatında işıq üzü görmüş 10 kitabın redaktorudur. İngilis, rus və türk dillərində sərbəst danışan alim Ümumdünya Elmlər Akademiyasının, Moldova Elmlər Akademiyasının, Monqolustan Milli Elmlər Akademiyasının üzvü və Çinin Chenqdu Universitetinin Fəxri professorudur.

Hələ 1980-ci ildə Elm və Texnika sahəsində Azərbaycan Lenin komsomolu mükafatına layiq görülən Asəf Hacıyev, 1988-ci ildən Bernulli adına Ümumdünya Riyazi Statistika və Ehtimal Cəmiyyətinin üzvüdür. O, 2005-ci ildə Beynəlxalq Statistika İnstitutunun üzvü seçilmişdir. Akademik 1979-cu ildən Azərbaycan EA-nın Kibernetika (hazırki İdarəetmə Sistemləri) İnstitutunda çalışır və 1996-cı ildən orada şöbə müdiri vəzifəsini icra edir.

Seçilən
32
2
publika.az

10Mənbələr