Beynəlxalq enerji bazarlarında neft qiymətləri ABŞ və Iran arasında mümkün razılaşma xəbərlərinin təsiri ilə geriləyib.
VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, “Brent” markalı neft beynəlxalq fyuçers bazarlarında 91,54 dollardan ticarət olunub. Bu göstərici əvvəlki sessiya ilə müqayisədə təxminən 1,26% azalma deməkdir.
Ötən gün yüksəlişlə bağlanan “Brent” 92,70 dollar səviyyəsində qərarlaşmışdı. Bu gün isə səhər saatlarında qiymətlər enişə keçib.
Eyni zamanda ABŞ bazarını təmsil edən “West Texas Intermediate” (WTI) neftinin bir bareli 87,54 dollardan alıcı tapıb.
Bazar iştirakçılarının məlumatına görə, qiymətlərdəki azalma əsasən ABŞ və İranın atəşkəsin uzadılması və nüvə proqramı üzrə danışıqların davam etdirilməsi barədə razılığa gəldiyinə dair xəbərlərlə bağlıdır.
Analitiklər bildirir ki, Yaxın Şərqdə gərginliyin azalması ehtimalı enerji bazarlarında risk təhlükəsini aşağı salır və bu da neft qiymətlərinə birbaşa təsir göstərir.
Qeyd edək ki, neft bazarları son həftələrdə həm geosiyasi risklər, həm də OPEC+ ölkələrinin hasilat siyasəti ilə bağlı xəbərlərə həssas reaksiya verir.