Fizioloq-reabilitoloq Cek Maknamara bildirib ki, gündə 2500 addımdan az yeriyən insanlarda tez-tez depressiya əlamətləri müşahidə olunur.
Azreform.info xəbər verir ki, o, bu azhərəkətli həyat tərzinin görünməyən təhlükəsi barədə "The Independent" qəzetinə müsahibəsində danışıb.
Mütəxəssisin sözlərinə görə, müntəzəm yerimək ürək-damar xəstəlikləri, ikinci tip diabet, bəzi xərçəng növləri və vaxtından əvvəl ölüm riskini azaltmağa kömək edir. Bununla yanaşı, o qeyd edib ki, böyüklərin təxminən üçdə biri tövsiyə olunan fiziki aktivlik normasını yerinə yetirmir.
Həkim vurğulayıb ki, çox az hərəkət edən insanlar tez-tez əhvalın pisləşməsi, enerji çatışmazlığı və ümumi vəziyyətin zəifləməsi ilə üzləşirlər. Onun məlumatına görə, gündə 2500 addımdan az yerimək çox vaxt ruh düşkünlüyü və kədər hissi ilə müşayiət olunur.
Həkim əlavə edib ki, fiziki aktivliyin hətta az miqdarda artırılması belə orqanizm üçün faydalıdır. Gündə 20-30 dəqiqə sürətli yerimək, daha intensiv tempdə hərəkət etmək, yoxuşlara qalxmaq və ya qısa güc məşqləri həm fiziki, həm də emosional sağlamlığı möhkəmləndirməyə kömək edir.
Həmidə İbrahimova