BAKI, 29 may. TELEQRAF
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu dünyanın ən çox forma satan 10 komandasından biri olub.
Teleqraf xəbər verir ki, bu barədə “Euromericas Sport Marketing” şirkətinin araşdırmasında bildirilib.
Məlumata görə, Səudiyyə Ərəbistanı çempionu mövsüm ərzində 1,2 milyondan çox forma satıb. Araşdırmada qeyd olunub ki, satışların artımında əsas rol portuqaliyalı hücumçu Kriştianu Ronaldoya məxsusdur. Onun sosial şəbəkələrdəki populyarlığı “Əl-Nəsr” formasının Amerika, Asiya və Avstraliya bazarlarında geniş yayılmasına səbəb olub.
Siyahıya 3,13 milyon forma satışı ilə “Real Madrid” başçılıq edir. “Barselona” 2,94 milyonla ikinci, PSJ isə 2,54 milyonla üçüncü sırada qərarlaşıb.
İlk “10-luq”da həmçinin “Bavariya”, “İnter Mayami”, “Boka Xuniors”, “Mançester Yunayted”, “Flamenqo” və “Çelsi” də yer alıb.
“Əl-Nəsr” siyahıya düşən yeganə ərəb və Asiya klubu olub. Hesabatda İtaliya klublarının ilk “10-luq”da yer almaması isə qlobal futbol bazarında kommersiya balansının dəyişməsi ilə əlaqələndirilib.