İnsan beyni bəzən eyni düşüncələri təkrar-təkrar analiz etməyə başlayır.
Xüsusilə stress, yorğunluq və ya emosional gərginlik dövründə beynin müəyyən mövzular üzərində dayanması daha da güclənir.
Bu zaman insan sanki eyni fikirlərin içində ilişib qalır və onlardan uzaqlaşmaq çətinləşir. Digər tərəfdən, bəzi hallarda heç bir açıq səbəb olmadan daxildə narahatlıq, sıxıntı və izah olunmayan gərginlik hiss olunur.
Psixoloqlar bu vəziyyətin həm gündəlik stresslə, həm də insanın şüuraltında yığılan emosiyalarla əlaqəli ola biləcəyini bildirirlər.Bəs eyni düşüncələrin beyində təkrarlanmasının əsas səbəbi nədir?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, insanlarda tez-tez eyni düşüncələrin təkrar-təkrar zehində fırlanması müşahidə olunur:

“Bu hal çox vaxt müəyyən bir mövzunu həll etməyə cəhd kimi başlayır. Zaman keçdikcə düşüncə aydınlıq gətirmək əvəzinə daxili gərginliyi artırır. Beyin qeyri-müəyyən və yarımçıq qalan məsələləri bağlamağa çalışır, buna görə eyni fikirlərə yenidən qayıdır.
İnsan sanki eyni mövzunun ətrafında dövr edir, amma irəliləyiş hiss olunmur. Bu vəziyyət stress fonunda, fiziki yorğunluq zamanı, yuxu rejimi pozulduqda daha qabarıq görünür. Diqqət zəiflədikcə düşüncələr üzərində nəzarət çətinləşir, zehin isə təkrara daha çox meyil göstərir.
Heç bir aydın səbəb olmadan hiss edilən daxili narahatlıq və sıxıntı hissi mənfi psixoloji hal hesab edilir. Bu hiss birbaşa xarici hadisədən deyil, daxili emosional gərginlikdən qaynaqlanır, lakin insan onu konkret mənbə ilə əlaqələndirə bilmir.
Sinir sistemi gərginliyi əvvəlcə bədən səviyyəsində siqnal kimi göstərir. Ürək döyüntüsü sürətlənir, nəfəs dəyişir, əzələlər gərginləşir. Şüur sonradan bu hissi izah etməyə çalışır. Aydın səbəb tapılmadıqda vəziyyət daha anlaşılmaz görünür və narahatlıq hissi güclənir”.
Psixoloq qeyd edib ki, uzun müddət yığılan emosiyalar, ifadə olunmayan hisslər, daxili ziddiyyətlər bu gərginliyi dərinləşdirir:
“Nəticədə düşüncə ilə narahatlıq bir-birini gücləndirən qapalı psixoloji dövrə formalaşdırır”.