Dünyada artıq çəkili insanların demək olar ki, yarısı — yəni 119,9 milyondan çox insan hipertoniyadan əziyyət çəkir.
Musavat.com xəbər verir ki, "Eating Well" nəşrinin yaydığı məlumata görə, artıq çəkili insanlar yüksək qan təzyiqi, infarkt və insult riski ilə daha çox üzləşirlər.
Ekspertlər bu təhlükədən qorunmaq və çəkini nəzarətdə saxlamaq üçün ən faydalı qəlyanaltının fıstıq pastası, banan və darçınlı tost olduğunu açıqlayıblar.
Dietoloq Cessika Bolun sözlərinə görə, tam taxıllı çörək, banan və fıstıq pastası üçlüyü orqanizmi protein, sağlam yağlar və liflə təmin edərək qanda şəkərin miqdarını stabil saxlayır və uzunmüddətli toxluq hissi verir.
Tərkibindəki zəngin kalium sayəsində banan bədəndəki maye balansını tənzimləyir və təzyiqi normallaşdırır; bir ədəd orta boy banan gündəlik kalium ehtiyacının 9%-ni qarşılayır.
İki xörək qaşığı fıstıq pastası isə 7 qram zülal və 12 qram faydalı yağ ehtiva edərək maddələr mübadiləsini sürətləndirir və arıqlamağa kömək edir.
Mütəxəssislər qəlyanaltı üçün məhsul seçərkən fıstıq pastasının tamamilə şəkərsiz və təbii olmasına, çörəyin isə minimum duz və şəkər ehtiva edən tam taxıllı növlərindən olmasına diqqət etməyi tövsiyə edirlər.
Musavat.com