AZ

“Neftçi” Premyer Liqada cərimələr üzrə rekordçudur in İCMALI

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Neftçi” futbol klubu Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə ümumi pul cərimələrinin məbləğinə görə rekordçu olub.

İdman.Biz-in Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsinin Premyer Liqanın 1-ci turundan 33-cü turunadək tətbiq etdiyi sabit maliyyə sanksiyaları əsasında apardığı hesablamalara görə, Bakı klubu ümumilikdə 165 min manat cərimə ödəyib.

Qeyd edək ki, hesablamalar zamanı yalnız Azərbaycan Premyer Liqası ilə bağlı qərarlar nəzərə alınıb. Azərbaycan Kuboku, Birinci və İkinci Liqa, əvəzedici heyətlər, uşaq turnirləri, xəbərdarlıqlar və yalnız dəymiş ziyanın ödənilməsi ilə bağlı maddələr hesaba daxil edilməyib.

“Neftçi”nin ikinci yerdə qərarlaşan komandadan üstünlüyü kifayət qədər böyük olub. Bakı təmsilçisi ən yaxın izləyicisi “Qarabağ”ı 76,4 min manat "qabaqlayıb". Bu rəqəm intizam reytinqinin aşağı pillələrində yer alan bir neçə klubun ümumi cərimə məbləğinə yaxındır.

Ölkə çempionatının ən intizamsız komandaları sırasında ilk üçlüyü 62,2 min manat nəticə ilə “Sumqayıt” tamamlayıb. Azərbaycanın yeni çempionu “Sabah” isə 51,5 min manat ödəyərək beşinci pillədə qərarlaşıb.

Mövsümün ən böyük birdəfəlik cərimə paketi də “Neftçi”nin payına düşüb. Premyer Liqanın 28-ci turunda keçirilən “Zirə” - “Neftçi” matçından sonra klub 26,2 min manat cərimələnib. Bu məbləğə sarı vərəqə limitinin aşılması, komanda nümayəndələrinin və futbolçunun qırmızı vərəqə alması, eləcə də azarkeşlərin davranışı ilə bağlı sanksiyalar daxil olub.

İkinci ən yüksək göstərici də “Neftçi”yə məxsusdur - 23-cü turda “Turan Tovuz”la oyundan sonra klub 23 min manat cərimə olunub. Həmin vaxt buna səbəb təhqiramiz banner və azarkeşlərin kütləvi təhqiramiz ifadələri olub.

Bir oyun üzrə ən böyük cərimələr siyahısında üçüncü yeri “Qarabağ” tutub. Ağdam klubu 22-ci turda “Sabah”la görüşdən sonra 20,7 min manat cərimələnib. Məbləğin əsas hissəsi azarkeşlərin davranışı və oyundan sonra baş verən insidentlərə görə məşqçilər korpusunun nümayəndələrinə verilən cəzalarla bağlı olub.

Reytinqin digər tərəfində isə mövsümün ən intizamlı komandaları qərarlaşıb. Ən az cərimə alan komandaların ilk “üçlüy”ü belə formalaşıb: “Turan Tovuz” - 9,7 min manat, “Şamaxı” - 10,3 min manat və “Zirə” - 10,9 min manat.

Beləliklə, “Neftçi” mövsümün əsas intizam antiqəhrəmanına çevrilib. “Turan Tovuz” isə Premyer Liqanın 12 klubu arasında ən az pul cəriməsi ödəyən komanda olub.

Azərbaycan Premyer Liqasının 2025/26 mövsümü üzrə klubların yekun cərimə reytinqi:

“Neftçi” - 165 min manat

“Qarabağ” - 88,6 min

“Sumqayıt” - 62,2 min

“Kəpəz” - 62,1 min

“Sabah” - 51,5 min

“Qəbələ” - 30,4 min

“Karvan-Yevlax” - 23,6 min

“İmişli” - 23,5 min

“Araz-Naxçıvan” - 20,4 min

“Zirə” - 10,9 min

“Şamaxı” - 10,3 min

“Turan Tovuz” - 9,7 min

Beləliklə, Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünün yekunlarına əsasən klubların ödədiyi ümumi cərimə məbləği 558,2 min manat təşkil edib.

Teymur Tuşiyev

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
50
icma.az

10Mənbələr